Vergiödəyicilərinin maliyyə və ödəniş sənədlərində VÖEN göstərilməlidir
AzerTAg.az
Bakı, 28 iyul, AZƏRTAC
Vergi Məcəlləsinin bu il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, hər bir vergiödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergiödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergi orqanı vergiödəyicisinə göndərilən bütün bildirişlərdə onun eyniləşdirmə nömrəsini göstərir.
Eyni zamanda, vergiödəyiciləri maliyyə, statistika hesabatlarında, vergi haqq-hesablarında, bəyannamələrdə, təsərrüfat müqavilələrində, hesab-fakturalarda, qaimələrdə, nəzarət-kassa aparatlarının çeklərində, məktublarda, habelə gömrük, bank və bütün digər ödəniş sənədlərində VÖEN-i mütləq bildirməlidirlər.
Vergiödəyicilərinin hər hansı tədiyə, bank və gömrük sənədində VÖEN göstərilmədikdə, ödənişi aparan müvafiq bank idarələri, vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir.

Xəbərin mətnində orfoqrafik səhv var