İQTİSADİYYAT
Vergiödəyicilərinin təqdim olunan mallara tətbiq etdikləri qiymətlər necə müəyyənləşdirilir?

Bakı, 7 aprel, AZƏRTAC
Vergiödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi Vergi Məcəlləsinə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox aşağı olduqda vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergiödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan və digər müvafiq məlumatlardan istifadə edilir.
Qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür.