İQTİSADİYYAT


Vergiödəyicisinin fəaliyyətini dayandırması qaydasına aydınlıq gətirilib

Bakı, 14 iyun, AZƏRTAC 

Vergi Məcəlləsinin (VM) 16.3-cü maddəsinə əsasən, vergi ilində vergiödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına Vergilər Nazirliyinin müəyyən etdiyi formada arayış təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, vergi orqanında uçota alınmaq üçün vergiödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergiödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir.

Bundan əlavə, vergiödəyicilərinin uçot məlumatlarında dəyişikliklər onların Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş forma üzrə təqdim etdikləri ərizə əsasında aparılır. Vergi nəzarəti tədbiri zamanı vergiödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu barədə vergiödəyicisinə bildiriş göndərilir. Bildiriş göndərildikdən 5 iş günü müddətində vergiödəyicisi dəyişikliklərə dair ərizə təqdim etməzsə, uçot məlumatlarında dəyişikliklər vergi orqanı tərəfindən aparılır və bu barədə 3 iş günü müddətində vergiödəyicisinə məlumat verilir.

Qeyd olunub ki, vergiödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda Vergi Məcəlləsinin 34.3-cü və 34.7.2-ci maddələri ilə deyil, məhz 16.3-cü maddə ilə müəyyən edilən vəzifənin icra edilməsi məsələsi meydana çıxır.

Başqa sözlə, Vergi Məcəlləsinin 34.3-cü və 34.7.2-ci maddələrində müəyyən edilən vəzifənin icrası vergiödəyicisinin uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişikliyin baş verməsi ilə yaranır. Vergiödəyicisinin uçota alınmaq üçün verdiyi ərizə formasında onun “aktiv” və ya “passiv” olmasına dair hər hansı məlumat nəzərdə tutulmur.

Vergi Məcəlləsində vergi orqanının öz təşəbbüsü ilə vergiödəyicisinin fəaliyyətini dayandırmaq hüququnun olmadığını nəzərə alaraq, vergiödəyicisinin müraciəti olmadan onun fəaliyyətinin birtərəfli dayandırılması yolverilməzdir. Belə hallara yol verilməklə, Vergi Məcəlləsinin tələblərini pozan vergi orqanının vəzifəli şəxsləri barəsində ciddi intizam tənbehi tətbiq ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.