İQTİSADİYYAT
Vergiödəyicisinin ölkədən getmək hüququ nə zaman məhdudlaşdırıla bilər?

Bakı, 7 aprel, AZƏRTAC
Vergi Məcəlləsinə əsasən, vergiödəyicisi vergi öhdəliyini Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergiödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, eyni zamanda, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergiödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsidir.
Maddənin tələbindən göründüyü kimi, fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi həmin məhdudlaşdırmaya səbəb olmuş əsaslar aradan qalxdıqda mümkündür.