REGİONLAR
Veronika Glemser Naxçıvan Dövlət Universitetinin tələbələrinə onlayn ustad dərsi keçib
Naxçıvan, 6 iyul, AZƏRTAC
Almaniyalı pianoçu Veronika Glemser Naxçıvan Dövlət Universitetinin (NDU) Konservatoriya tələbələrinə onlayn ustad dərsi keçib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, onlayn ustad dərsi NDU-nun və Almaniyanın Brandenburq Universitetinin konservatoriyalarının birgə təşkilatçılığı ilə baş tutub. “Vyana klassiklərinin əsərlərinin müxtəlif interpretasiyaları” mövzusunda dərsi Brandenburq Universiteti Konservatoriyasının professoru, pianoçu Veronika Glemser keçib.
Əvvəlcə universitetin rektoru Elbrus İsayev çıxış edərək ustad dərslərin keçirilməsinin nəzəri və təcrübi əhəmiyyətini qeyd edib. Bildirib ki, 1998-ci il dekabrın 11-də yaradılan İncəsənət fakültəsi 3 kafedra ilə fəaliyyətə başlasa da, artıq 7 kafedra ilə fəaliyyətini davam etdirir. Rektor universitet Konservatoriyanın malik olduğu imkanlardan danışıb. Diqqətə çatdırıb ki, fakültədə yaradılacaq elektron filarmoniya gələcəkdə bu cür onlayn tədbirlərin keçirilməsinə imkan yaradacaq.
Sonra almaniyalı professor Veronika Glemser Y.Hayd, V.A.Motsart və L.Bethovenin bir neçə sonatasının nümunəsində ştrixlər, temp, eyni zamanda obraz üzərində çalışmaq qaydalarını izah edib. O vurğulayıb ki, bütün bəstəkarların yaradıcılığında olduğu kimi Vyana klassiklərinin əsərlərində də sadalanan hər bir ifadə vasitəsi onun xarakterinə görə müxtəlif şəkildə ifa olunur.
Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi İnara Məhərrəmova bildirib ki, fakültə özündə musiqişünaslıq, xalq çalğı alətləri ifaçılığı, instrumental ifaçılıq (fortepiano, simli alətlər, nəfəs alətləri), solo oxuma, bəstəkarlıq, dirijorluq, aktyor sənəti, musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, rəngkarlıq ixtisaslarını birləşdirir.
Müəllim və tələbələrin sualları cavablandırıldıqdan sonra Fortepiano kafedrasının müəllimi Ülvi Əhmədov IV kurs tələbəsi Səxavət Rəhimovla birgə Tofiq Quliyevin “Qaytağı” musiqisini ifa ediblər. Pianoçu Veronika Glemser və tədbir iştirakçıları görkəmli bəstəkarın əsərinin yüksək peşəkarlıqla ifasını zövq və həvəslə dinləyiblər.
Sonda rektor almaniyalı pianoçuya onlayn dərsin keçirilməsinə görə minnətdarlıq edib. Vurğulanıb ki, bu cür tədbirlərin keçirilməsi bir ənənə halını almalı, birgə fikir və təcrübə mübadiləsi aparılmalıdır.
Qeyd edək ki, ustad dərsində alman dilindən tərcüməni Naxçıvan Dövlət Universitetinin məzunu, Brandenburq Universitetin tələbəsi Gülər Nuri edib.