MƏDƏNİYYƏT
“Vesti” XTNS-dəki “Azərbaycan” pavilyonunda bərpa işləri barədə reportaj hazırlayıb VİDEO
Moskva, 8 fevral, AZƏRTAC
“Rossiya 24” televiziya kanalının “Vesti” proqramı Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda aparılan bərpa işləri haqqında reportaj hazırlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda XTNS-in ən əsas incilərindən biri – “Azərbaycan” pavilyonunda kompleks bərpa işlərinin aparıldığı qeyd olunub. “Binanın yaraşıqlı mozaikası olan fasadı üzərində işlər artıq demək olar ki, başa çatıb. Hazırda mütəxəssislər interyerlərin orijinal rənglərini bərpa edirlər. Dekor elementləri – fiqurlar və divarda işlənmiş bəzəklər uzun onilliklər ərzində qalın rəng qatı altında qalmışdı.
İndi fasad demək olar ki, hazırdır. İnteryerlərin rəng qamması zahiri tərtibatla ahəng təşkil edir. Stalaktit tavan, mayolika və “şəbəkə” pəncərələr sanki ziyarətçiləri günəşli Azərbaycana aparır” –deyə reportajda vurğulanır.
“Azərbaycan” pavilyonunun bərpası layihəsinin rəhbəri Nikolay Kurilo aparılan işlərdən danışaraq qeyd edib ki, interyerin divara və tavana işlənmiş dekorlarının geniş tədqiqindən sonra onların surəti çıxarılır və 1939-cu ilin orijinal rəngləri bərpa edilir.
Pavilyonun əsas özəlliyi onun qorunub saxlanılmış orijinal dekorudur. Digər pavilyonlar 1954-cü ildə xeyli dərəcədə rekonstruksiya olunublar. Lakin 10 ildən sonra “Azərbaycan” pavilyonunun fasadını da saxta fasadla örtüblər. 2014-cü ildə pavilyon təmizlənib və artıq 2016-cı ildə Azərbaycana təhvil verilib.
XTNS-in tarixini araşdıran alim Pavel Nefedovun sözlərinə görə, “Azərbaycan” pavilyonu vaxtilə maarifçilik rolu da oynayıb və dünyada hələ də bu cür arxitektura növünün olduğunu nümayiş etdirib.
Üç aydan sonra pavilyonun yanlarında heykəllər qoyulacaq, qarşıdakı bağı isə iki fəvvarə camı bəzəyəcək. Binanın daxilində mütəxəssislər 8 zalı, dekor elementlərini bərpa edəcək, döşəməni mərmər ilə əvəzləyəcək və işıq fənərləri quraşdıracaqlar.
2019-cu ilin sonunda isə pavilyonda ilk sərginin açılması planlaşdırılır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva