CƏMİYYƏT


Vestley Edmendson: Azərbaycanın mükəmməl multikulturalizm modeli var

Bakı, 11 mart, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov martın 11-də Vineyard Hyuston kilsəsinin Azərbaycan üzrə əlaqələndiricisi, missiya rəhbəri pastor Vestley Edmendson ilə görüşüb.

Dövlət komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Səyavuş Heydərov xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri, bu dəyərlərin qorunub saxlanılması və təşviqi istiqamətdə aparılan nümunəvi din siyasəti barədə danışıb. Son dövrdə dinin siyasiləşdirilmiş formada yayılması və təqdim edilməsinin fəsadlarına toxunan komitə sədrinin müavini deyib ki, Azərbaycanda tarixən formalaşmış yüksək tolerantlıq mədəniyyəti cəmiyyətimizin təhlükəsizliyi üçün böyük potensialdır. Ölkəmizdə tolerantlıq daha da möhkəmlənən, hər bir vətəndaşın mövqeyində, münasibətində və həyat tərzində ehtiva olunan önəmli bir dəyərə çevrilib və milli sərvət olaraq qəbul edilir.

Sədr müavini qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda nümunəvi multikultural və birgəyaşayış modeli formalaşıb. O, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən respublikamızda bütün dini konfessiyaların nümayəndələrinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

Qonağı Azərbaycan həqiqətləri barədə məlumatlandıran Səyavuş Heydərov diqqətə çatdırıb ki, Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirməsi, Azərbaycan ərazisinin iyirmi faizini işğal altında saxlaması, soydaşlarımızın məcburi köçkün həyatı yaşaması təkcə Azərbaycanda deyil, bütün regionda sülh və sabitliyin bərqərar olmasına kölgə salır. Sədr müavini deyib ki, dünya birliyi, eyni zamanda, dini liderlər və mərkəzlər ədalətin bərqərar olunmasında xüsusi səylər göstərməlidirlər.

Növbəti dəfə ölkəmizə səfər etməsindən məmnun olduğunu bildirən Vineyard Hyuston kilsəsinin Azərbaycan üzrə əlaqələndiricisi, missiya rəhbəri pastor Vestley Edmendson Azərbaycanın multikulturalizm modelinin mükəmməl olduğunu qeyd edib və respublikada multikulturalizm və sivilizasiyalararası dialoq ideyasının təşviqi istiqamətində görülən işləri yüksək qiymətləndirib. V.Edmendson ölkəmizdə dini ibadətgahlara göstərilən diqqətə, eləcə də “Vineyard Azərbaycan” xristian dini icmasının fəaliyyəti üçün yaradılan şəraitə görə minnətdarlığını ifadə edib.

Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə edildiyi görüşün sonunda qonağa Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, işğal altında olan ərazilərimizdə tarixi-dini abidələrə qarşı törədilən vandalizm əməllərindən bəhs edən kitablar təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.