CƏMİYYƏT
Vestminster bələdiyyəsinin üzvü Murad Həsənli: Azərbaycanın ərazi bütövlüyünün bərpası Ordumuzun gücünə, qüdrətinə əsaslanır
London, 12 noyabr, AZƏRTAC
Ermənistanın sülhə məcbur edilməsi və işğal olunmuş torpaqlarımızdan qoşunlarının çıxarılması çox böyük uğurumuzdur. Bu, bizim üçün mühüm qələbədir. Azərbaycan xalqını, Müzəffər Ali Baş Komandanı və Ordumuzu bu münasibətlə təbrik edirəm.
Bu sözləri AZƏRTAC-ın Londondakı xüsusi müxbirinə müsahibəsində Mühafizəkarlar Partiyasının Çörçill seçki dairəsindən Vestminster bələdiyyəsinə seçilən Murad Həsənli deyib.
O bildirib ki, artıq Azərbaycan Ordusu Dağlıq Qarabağ və ətraf ərazilərə nəzarət edir. Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz qaytarılması, Qarabağın statusunun müzakirə mövzusu olmayaraq onun Azərbaycanın tərkibində qalması, Naxçıvanla quru əlaqəsinin yaradılması və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi Ordumuzun gücünə, qüdrətinə əsaslanır. Mən bu razılaşmanı dəstəkləyirəm”.
Murad Həsənli qeyd edib ki, ərazi bütövlüyümüz bərpa olunduğuna görə biz artıq Qarabağa qayıdıb oranı yenidən azərbaycanlıların yaşadığı firavan əraziyə çevirməliyik. Bu, bizim növbəti amalımızdır. Xaricdə yaşayan azərbaycanlılar da bu fikirdədirlər və onlar bu işə dövlətimizə dəstəklərini əsirgəməyəcəklər.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London