SİYASƏT
“Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkada nəşr olunan “Zaman” qəzetinin rəhbəri ilə görüşmüşlər
Bakı, 8 fevral (AZƏRTAC). Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi və cəmiyyətin təşkilat komitəsinin sədri Mehriban Əliyeva bu ölkədə nəşr olunan “Zaman” qəzetinin rəhbəri Kamil Subaşı və qəzetin əməkdaşları ilə görüşmüşlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Kamil Subaşı təmsil etdiyi qəzetin dünyanın bir çox ölkələrində nəşr olunduğunu və ümumi tirajının 25 milyon təşkil etdiyini demişdir.
Cəmiyyətin sədri Səfər Sadiqi rəhbərlik etdiyi təşkilatın məram və məqsədləri barədə qəzet əməkdaşlarına məlumat vermişdir. O, Azərbaycan və Türkiyənin “bir millət – iki dövlət” olduğunu qeyd etmişdir.
“Vətən” Cəmiyyətini təşkilat komitəsinin sədri Mehriban Əliyeva isə Fransa Parlamentinin qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanuna etiraz əlaməti olaraq Azərbaycan diasporunun gördüyü işlərdən və hər iki diaspor təşkilatlarının birgə fəaliyyətinin əhəmiyyətindən danışmışdır.
Sonra S.Sadiqi Kamil Subaşını və qəzetin əməkdaşlarını fevralın 25-də Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə keçirəcəkləri tədbirə dəvət etmişdir.
Dəvət üçün təşəkkürünü bildirən Kamil Subaşı Xocalı soyqırımı ilə bağlı məlumatları “Zaman” qəzeti vasitəsilə geniş oxucu kütləsinə çatdıracağını bildirmişdir.