REGİONLAR
Vətən Müharibəsi Qəhrəmanı şəhid Amid Heydərovun medalı Lerikdə ailəsinə təqdim olunub
Lerik, 8 iyul, Bağır Əliyev, AZƏRTAC
Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Heydərov Amid Rəbbil oğlunun təltif edildiyi bu fəxri adın vəsiqəsi və medalı iyulun 8-də Lerik Rayon İcra Hakimiyyətində igid döyüşçünün ailəsinə təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yüksək dövlət mükafatının təqdim olunması mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi Arif Həsənov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak ediblər.
Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əsgər və zabitlərinin, o cümlədən şəhid mayor Amid Heydərovun qəhrəmanlıqlarından danışıblar.
Bildirilib ki, Azərbaycan Ordusunun mayoru Amid Heydərov noyabrın 3-də Cəbrayıl uğurunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
Diqqətə çatdırılıb ki, şəhid mayor Amid Heydərov uğurlu döyüş yolu keçib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasında xüsusi xidmətlərinə və işğal altındakı ərazilərimizin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə igid döyüşçüyə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı adı verilib. Şəhid Amid Heydərov, həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif edilib.
Mərasimdə Vətən Müharibəsi Qəhrəmanı fəxri adının vəsiqəsi və medalı şəhid Amid Heydərovun ailəsinə təqdim olunub.
Şəhidin ailə üzvləri ölkəmizdə müharibə iştirakçılarına və onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.