REGİONLAR


Vətən Müharibəsi Qəhrəmanı şəhid Amin Novruzovun doğum günündə büstünün açılışı olub

Balakən, 16 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Avqustun 16-da Balakən şəhər Humanitar və texniki təmayüllü liseydə Vətən Müharibəsi Qəhrəmanı şəhid Amin Novruzovun büstünün açılış mərasimi olub. Büst şəhidin adını daşıyan liseyin həyətində qoyulub.

Şəhidin doğum günündə reallaşan tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbər şəxsləri və əməkdaşları, qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Balakən Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün, müstəqilliyimizin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, döyüşlər zamanı şəhid və qazilərimizin, o cümlədən Amin Novruzovun göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıb. İcra başçısı çıxışında, həmçinin bu gün ölkə rəhbərliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan, dövlətimizin şəhidlərin adının əbədiləşdirilməsi və ailələrinə göstərdiyi xüsusi diqqətdən bəhs edib.

Amin Novruzovun atası Taciddin Novruzov, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin komandirinin şəxsi heyət üzrə müavini, polkovnik-leytenant İsmayıl İsmayılov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, şəhid anası Gülşən Kərimova və digər çıxış edənlər öz şücaəti ilə tarix yazan şəhidlər haqqında danışıb, bu məzmunlu tədbirlərin gənc nəslin vətənpərvərlik ruhda yetişməsində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıblar.

Sonda Vətən Müharibəsi Qəhrəmanı şəhid Amin Novruzovun adını daşıyan liseyin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Qeyd edək ki, Amin Novruzov 1996-cı il avqustun 16-da Balakən rayonunun Qullar kəndində anadan olub. 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olan Amin 2017-ci ildən Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətini davam etdirib. Vətən müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Amin 2020-ci il noyabrın 2-də Zəngilan döyüşləri zamanı şəhid olub, Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Amin Novruzova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. O, həmçinin “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.