CƏMİYYƏT


Vətən müdafiəçilərinə olan qayğı onların layiqli varislərinin yetişməsinə səbəb olur

Bakı, 6 may, AZƏRTAC

Şəhidlik ən yüksək zirvədir. Vətən uğrunda canlarından keçən şəhidlər haqqın dərgahında ən uca mərtəbəyə layiqdirlər. Ümumən doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda silaha sarılaraq döyüşən hər bir Vətən övladına hər cür hörmət və ehtiram göstərilməli, onların istər sağlamlıq, istər sosial-məişət, istərsə də gün-güzəran problemləri diqqət mərkəzində olmalıdır. Vətən müharibəsindən ötən ilyarım ərzində ölkəmizdə həmin kateqoriyaya mənsub olanlara çox yüksək dəyər verilir, onların qayğı və problemlərinə son dərəcə həssaslıqla yanaşılır.

Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Orucov AZƏRTAC-a müsahibəsində ölkəmizdə həssas kateqoriyadan olan həmin sosial təbəqə nümayəndələrinə göstərilən qayğı barədə deyib: “Şəhid ailələri və müharibə əlillərinin tibbi-sosial problemlərinin həlli sahəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev müxtəlif fərman və sərəncamlar imzalayıb. Həmin diqqət və qayğının ifadəsi olaraq 2021–ci ildən başlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhəri və Abşeron rayonundakı yaşayış komplekslərindən daha 100 mənzil şəhid ailəsi və müharibə əlillərinə təqdim edilib. Bu il də həmin tədbirlər ardıcıl və genişmiqyaslı sosial islahatlar davam etdirilib, əməkhaqqı, pensiya və s. sosial ödənişlər növbəti dəfə artırılıb. 3,4 milyon şəxsi əhatə edən bu artımlar üçün ildə 2,1 milyard manat vəsait ayrılıb. Bu, Vətən müharibəsindən sonra şəhid ailəsi üzvləri, müharibə veteranları, erməni terrorundan zərər çəkənlərlə əlaqədar icra olunan sosial dəstək proqramıdır. Dövlət başçısının müvafiq Sərəncamı ilə sosial dəstək tədbirlərindən biri kimi, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı beş dəfə genişlənib. Bu ilin martında Novruz bayramı ilə əlaqədar olaraq şəhid ailələri və müharibə əlillərinə 100 mənzil, Ramazan bayramında isə Bakının Sabunçu rayonunda daha 200 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib”.

Həmsöhbətimiz qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən postmüharibə dövründə 3500 mənzil təqdim edilib. Ümumilikdə ötən dövrdə 12 min 500 şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Vətən müharibəsi şəhidlərinin ailələri və müharibə əlilləri qeydiyyata alındıqdan qısa zaman sonra onların mənzillə, eləcə də müharibə əlillərinin avtomobillə təminatı həyata keçirilir. Ümumilikdə ötən dövrdə 7400 müharibə əlili avtomobillə təmin edilib.

“Həyata keçirilən tədbirlər göstərir ki, dövlət həmişə bizim yanımızdadır. Öz canı, qanı, sağlamlığı bahasına əbədi və əzəli torpaqları işğalçı quldurlardan təmizləyən, bu yolda heç nəyi əsirgəməyən Vətən müharibəsi iştirakçılarının heç bir problemi diqqətdən kənarda qalmır. Dövlətin bu dəstəyi cəmiyyətdə böyük rəğbətlə qarşılanır, gənc nəsildə hərbi-vətənpərvərlik hisslərinin güclənməsinə səbəb olur. Cəmiyyətimizdə, əsasən gənclər arasında qəhrəmanların döyüş yolunun öyrənilməsi və təbliği onların arasında vətənpərvərlik hissini daha da gücləndirir. Gənclər ata-babalarının həmin ənənələri ruhunda böyüyür və yetişirlər. Bu, o deməkdir ki, qəhrəmanlıq ənənəsi davam edəcək, torpaqlarımızın layiqli müdafiəçiləri yetişəcək. Yurdu müdafiə edən belə nəslin yetişməsi şəhidlərin qanının yerdə qalmayacağına, müstəqil ölkəmizin isə daha böyük uğurlara imza atacağına əminlik yaradır”, - deyə fondun prezidenti bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.