REGİONLAR
Vətən müharibəsi əlillərinin də iştirakı ilə veloyürüş təşkil olunub
Sumqayıt, 13 may, Ə.Rzayeva, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə inklüziv veloyürüş təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Dənizkənarı Bulvarında təşkil olunan veloyürüşdə məhdud fiziki imkanlı 10 nəfər iştirak edib. Onların bir qismi Vətən müharibəsi əlilidir.
Tədbirə Sumqayıt Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyi və ARB Media Qrup tərəfindən də dəstək verilib.
İnklüziv veloyürüşün məqsədi bu kateqoriyadan olan şəxslərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinə, idmana marağın artırılmasıdır. Məqsəd, həmçinin onları paravelosiped idman növünə cəlb etməklə cəmiyyətə inteqrasiya və sosial-psixoloji reabilitasiyasına dəstək verməkdir.
Tədbirin sonunda yürüş iştirakçıları təşəkkürnamə ilə təltif ediliblər.