ELM VƏ TƏHSİL


Vətən müharibəsi iştirakçıları “Vikipediya” təlimlərində iştirak edirlər

Bakı, 4 oktyabr, AZƏRTAC

"Qorqud" Vikipediya Metodik Klubu, Türk Ağsaqqalları İctimai Birliyinin və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə viki təlimlərə start verilib.

Bu barədə AZƏRTAC-a Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

O bildirib ki, “Vikipediya” təlimlərinin keçirilməsi ölkədə gənclər arasında bu sahəyə marağı artırmaqla yanaşı, onların bilik və bacarıqlarını təkmilləşdirir: “Bu təlimlər Azərbaycan həqiqətlərinin təbliğində fəal iştirak etmək imkanları yaradır. Gənclərə ilk dərsdən etibarən artıq ilkin redaktə qaydaları öyrədilərək viki qaydalar izah edilib. Gənclər böyük motivasiya ilə təlimlərdə iştirak ediblər.

Təlimi "Qorqud" Vikipediya Metodik Klubunun təlimçisi, “Vikipediya”nın Azərbaycan seqmentinin patrulu Qədir Quliyev keçir. Qədir Quliyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır, "Zəngilanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. İndi isə informasiya müharibəsində fəal iştirak edir.

Bununla yanaşı, "Qorqud" Vikipediya Metodik Klubunun eksperti, Türk Ağsaqqalları İctimai Birliyinin Gənclər Təşkilatının üzvü Sübhan Xıdırzadə gənclərlə maarifləndirici söhbət aparır və öz təcrübələrini bölüşür”.

Elnur Eltürk əlavə edib ki, təlimdə iştirak edən gənclər arasında Vətən müharibəsinin iştirakçıları var. Azərbaycan gəncləri ön cəbhədə vuruşduqdan sonra arxa cəbhədə də düşmənə sarsıdıcı zərbələr endirir. Hər iki müharibənin iştirakçıları kimi Vətənimizə xidmət edən gənclərimiz qısa müddətdə “Vikipediya”da tam fəaliyyət göstərəcəklər. İştirakçılar arasında xüsusi fəallığı ilə seçilən Müşfiq Nəsirli Vətən müharibəsinin də fəal iştirakçısı olub”.

Təlimlərdə fəal iştirak etmiş könüllülər diplom və sertifikatlarla təltif olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.