CƏMİYYƏT
Vətən müharibəsi qazisi: Azərbaycanda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dünyaya nümunədir
Bakı, 15 yanvar, AZƏRTAC
Vətən müharibəsində Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində döyüşlərdə iştirak etmişəm. Ana Vətənimiz, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdiyim üçün qürur duyuram.
Bu sözləri Vətən müharibəsi qazisi Elçin Əhmədov AZƏRTAC-a müsahibəsində deyib.
Qırx dörd günlük Vətən müharibəsindən ötən müddətdə ölkəmizdə şəhid ailələrinin, qazilərin daim diqqət mərkəzində saxlanıldığını vurğulayan E.Əhmədov deyib: “Azərbaycanda şəhid ailələrinə, qazilərə və ümumiyyətlə müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət və qayğı dünyaya nümunə sayıla bilər. Belə ki, şəhid ailələri üzvlərinin və müharibə veteranlarının məşğulluqlarının təmin edilməsi üçün xüsusi proqramlar həyata keçirilir, müharibə zamanı xəsarət almış şəxslərin müalicəsi dövlət hesabına aparılır. Postmüharibə dövründə qazilərə, şəhid ailələrinin üzvlərinə həssas münasibət göstərildiyi üçün bəzi insanlar onların adından istifadə edərək mənfi təzahürlərə yol verməklə Vətən müharibəsində igid oğul və qızlarımızın göstərdikləri qəhrəmanlığa kölgə salmağa çalışırlar. Bu insanlara demək istəyirəm ki, şəhidlərin müqəddəs adlarına xələl gətirməsinlər, qazilərimizin haqlarına girməsinlər. Son vaxtlar sosial şəbəkələrdə qazilərin adından istifadə edərək təxribatçı hərəkətlərə yol verilməsi hallarına rast gəlinməsi bizi ciddi narahat edir. Təəssüf doğuran məsələlərdən biri də odur ki, belə hallar araşdırıldığı zaman həmin şəxslərin əksəriyyətinin müharibədə iştirak etmədiyi aydın olur”.
E.Əhmədov canlarından da əziz hesab etdikləri Vətən uğrunda döyüşlərin od-alovundan sağ çıxaraq ailələrinə qayıtmağın onlar üçün dünyaya bərabər olduğunu bildirib: “Biz qalib xalqın qalib Ordusunun əsgərləriyik. On illərlə həsrətində olduğumuz torpaqları işğalçıların tapdağından azad etmişik. Azərbaycan güclü ölkədir, bundan sonra daha da güclənəcək. Sosial şəbəkələrdə bəzi şəxslərin qazilərimizin adından istifadə edib yaydıqları yanlış mesajları müharibədə rəzil duruma saldığımız düşmənlərimiz də izləyirlər. Bu, bizə - Müzəffər Ordunun əsgərlərinə yaraşmaz”.