CƏMİYYƏT


Vətən müharibəsi qazisi: Düşmən güllə atmağa macal tapmırdı

Bakı, 13 oktyabr, AZƏRTAC

Ötən ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına iştirak edənlərdən, Azərbaycan torpaqlarını Ermənistan işğalından azad etməyə tələsənlərdən biri də İsa Həsənov idi. Azərbaycan Ordusunun kiçik çavuşu İsa Rüfət oğlu Həsənov İkinci Qarabağ müharibəsində Talış yüksəkliyi, Suqovuşan və Füzuli uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

AZƏRTAC xəbər verir ki, İsa Həsənov 1991-ci ildə Bakıda anadan olub. Vətənin müdafiəsi uğrunda silaha sarılan döyüşçü oktyabrın 8-də Füzuli rayonu ərazisində yaralanıb. Meşəlik ərazidə 12 güllə yarası alan İsanın bədənində qəlpələr hələ də qalır. 104 qəlpə yarası alan qazinin müalicəsi davam etdirilir.

Vətən müharibəsi qazisinin dediyinə görə, indi özünü nisbətən yaxşı hiss edir. Normal hərəkət edə bilir və səhhətinin tamamilə yaxşılaşacağına ümidlidir: "Yaralandıqdan sonra 11 dəfə əməliyyat olunmuşam. Həkimlərin səyi nəticəsində indi özümü daha yaxşı hiss edirəm. Bütün müalicə xərclərim dövlət tərəfindən ödənilib. Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla, əməyi keçən hər kəsə, əziyyətimi çəkən tibb işçilərinə təşəkkür edirəm".

Qazi 44 günlük Vətən savaşından bəhs edib. Deyib ki, o, müharibə zamanı düşmənlə dəfələrlə üz-üzə gəlib: "Erməni əsgərləri bizi görən kimi qaçırdılar. İstənilən halda, biz üz-üzə mübarizə zamanı onlara bir güllə belə atmağa imkan vermirdik. Macal tapıb bizə güllə belə ata bilmirdilər və qaçıb gedirdilər".

Şəhid yoldaşlarından danışan İsa Həsənov xüsusilə bir məqama diqqət çəkib: "Xidmət yoldaşım gözümün önündə snayper gülləsinə tuş gəldi. Son nəfəsində vəsiyyət etdi ki, arada bir xəstə anama baş çəkərsiz. Həmin anı heç vaxt unuda bilmərəm və ümid edirəm ki, dostumun son xahişini yerinə yetirə biləcəyik. Şükürlər olsun ki, indi onsuz da bütün şəhid ailələri və qazilər dövlətin diqqət və qayğısı ilə əhatə olunublar".

"Füzulinin azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilən qazi ona göstərilən dövlət qayğısından razılığını ifadə edib.

Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, həmin problemlərin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində demişdir: “Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.