CƏMİYYƏT
Vətən müharibəsi qazisi: Hazırda gördüyümüz qayğı bizə verilən qiymətin bir nümunəsidir
İstanbul, 25 sentyabr, AZƏRTAC
Mən 1994-cü ildə Tovuz rayonunda anadan olmuşam. 2020-ci il iyulun 12-də Tovuz rayonunda gedən döyüşlərdə yaralanmışam. Hələ müharibə başlamamışdı, lakin, ermənilər tərəfindən təxribatlar aparılırdı. Elə o təxribatlardan biri də bizim xidmət etdiyimiz istiqamətdə oldu. Postumuza ermənilər tərəfindən hücum edildi. Bu hücumun qarşısını alarkən yaralandım. Bölgədə partlayan mina nəticəsində onurğa-beyin travması aldım.
Bunu AZƏRTAC-a müsahibəsində “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə müalicə alan qazimiz Kənan Nəsirov deyib.
Yaralandıqdan sonra ilk olaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qazimiz ilkin yardımdan sonra iyulun 13-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirilib: “Hospitalda keçirilən əməliyyat nəticəsində belimdə olan qəlpələr çıxarıldı. Müalicə doqquz ay ərzində Bakıda davam etdirildi və bir az özümə gəldim. Sonradan Ali Baş Komandanımız İlham Əliyev tərəfindən bizə köməklik göstərilməsi üçün “YAŞAT” Fondu yaradıldı. Fondun köməkliyi ilə martın 25-də Türkiyəyə gətirildim. Hazırda müalicəm burada, qardaş ölkədə davam etdirilir. Bura gəldikdən sonra səhhətimdə gözlə görülən dərəcədə yaxşılığa doğru irəliləyişlər baş verdi. Hazırda müalicəm davam edir, reabilitasiya prosesi keçirəm”.
Göstərilən köməkliyə görə ölkə başçımıza minnətdar olduğunu ifadə edən qazimiz deyib: “Biz Vətənimiz uğrunda döyüşmüşük. Hər bir əsgər ölümü gözə alaraq, Vətənini, millətini, ailəsini qorumaq üçün döyüşə gedir. Hazırda gördüyümüz qayğı isə bizə verilən qiymətin bir nümunəsidir. Bunun üçün başda Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, “YAŞAT” Fondundan bizim əziyyətimizi çəkən hər bir kəsə və bütün xalqımıza minnətdaram. Şanlı Zəfərimizin ildönümü münasibətilə bütün Azərbaycanı təbrik edir, Vətən uğrunda canından keçən bütün şəhid qardaşlarımıza Allahdan rəhmət diləyirəm”.
“YAŞAT” Fondu — Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondudur. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə; işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.
Bu günə qədər “YAŞAT” Fondu tərəfindən 132 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 88-nin müalicə proseduru uğurla yekunlaşıb və Vətənə qayıdıblar.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul