CƏMİYYƏT
Vətən müharibəsi qazisi: Hər daşı, qayası ilə əziz olan Vətən...
Bakı, 24 sentyabr, AZƏRTAC
Vətən hər qarışı, hər addımı, nəinki gülü-çiçəyi, bağı-bağatı, həm də dağı-daşı, cığırı, kolu-kosu, qumu-çınqılı ilə gözəldir. Müharibənin elə məqamları olur ki, bəzən ən kiçik bir təpə, ən adi bir kol sənə dayaq olur, onun arxasında özünü yenilməz hiss edirsən. Vətən müharibəsi başlanandan yaralandığım günə - oktyabrın 27-dək bunu dəfələrlə yaşamışam. Bəzən bir ağacın budağı, qayanın bir daşı nəinki səni düşməndən qoruyur, sözün həqiqi mənasında xilaskarına çevrilir. Ona görə bu Vətəni təkcə füsunkarlığı, yaraşığı, dilbər guşələri ilə deyil, ən xırda detalları ilə sevmək lazımdır.
Əslən İsmayıllı rayonundan olan 27 yaşlı qazi Elvin Rəsulovun dediklərinə biganə qalmaq olmur. Doğrudan da, Vətən hər qarışı ilə gözəldir!
O, bu gözəllik naminə silaha sarılıb. Hərbi xidmətini başa vurandan sonra müddətdən artıq hərbi qulluqçu kimi torpaqlarımızın keşiyində dayanıb. Əslində, onu həvəsləndirən özündən təxminən 12-13 yaş böyük olan bibisi oğlu olub. Hələ uşaq vaxtından Elvin də gələcəkdə hərbi qulluqçu olmağa qərar verib.
AZƏRTAC xəbər verir ki, hərbi xidmətini başa vuran Elvin 2014-cü ildən Milli Ordu sıralarında müddətdən artıq xidmət edir, gizirdir.
Ötən il sentyabrın 27-dən isə onun səsi ən müxtəlif döyüş bölgələrindən Füzuli, Cəbrayıl, Hadrut, Xocavənddən gəlib. Özü demişkən, həmin döyüş bölgələrində strateji əhəmiyyətli nə qədər yüksəklik varsa, hamısına onun qədəmləri dəyib. Füzulinin Horadiz kəndində başlayan döyüş yolu Xocavəndin Qırmızı bazar kəndinədək uzanıb. Sübh tezdən həmin kənddə döyüş tapşırığını yerinə yetirərkən minomyot qəlpəsindən aldığı zədə qolunun itirilməsi ilə nəticələnib.
Elvin Hadrutda əməliyyat olunub, oradan Füzuli Rayon Diaqnostika Mərkəzinə gətirilib, 3 gün isə Bakıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb. Vətən əsgəri Elvin Rəsulov dövlət qayğısı sayəsində yüksək texnologiyalı yuxarı ətraf protezi ilə təmin ediləcək.
Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, həmin problemlərin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində demişdir: “Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik”.
Gizir Elvin Rəsulovun cəbhədə göstərdiyi qəhrəmanlıq nümunəsi “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə” və “Cəsur döyüşçü” medalları ilə dəyərləndirilib.
“Ölümlə qol-boyun olub yüksək zirvələrinə çıxdığım, səngərlərini nəfəsimlə qızdırdığım, dağlarını ayaq izlərim naxışlayan Qarabağ torpağı indi azaddır. Biz bu azadlıq üçün həyatımızı, canımızı vermişik. Ən böyük arzularımdan biri top-tüfəng, güllə yağışından yayınaraq qalxdığım həmin ünvanları addım-addım dolaşmaq, həmin ucalıqdan ətrafı seyr edib rahat nəfəs almaqdır”,- deyə qəhrəman Qarabağ döyüşçüsü bildirib.