CƏMİYYƏT
Vətən müharibəsi qazisi: Medallarla təltif olunmağımız bizdə böyük qürur hissi yaradıb
Bakı, 25 iyun, AZƏRTAC
Ötən il sentyabrın 27-də Vətən müharibəsi başlayanda döyüşlərə qoşuldum. Döyüşlər Goranboyun Tapqaraqoyunlu kəndindən başlayaraq Talış kəndi istiqamətində gedirdi. Sonra kənd Horadiz, Maralyan, Əmirvarlı, Şükürbəyli kəndləri istiqamətlərində gedən döyüşlərdə iştirak etdim.
Bu barədə Vətən müharibəsi qazisi, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin baş leytenantı Elçin Vəliyev AZƏRTAC-a müsahibəsində deyib.
Oktyabr ayında düşmənin atdığı mərmi nəticəsində əl nahiyəsindən qəlpə yarası alaraq yaralandığını bildirən qəhrəman hərbçi deyib ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkimlərinin səyləri nəticəsində sağlamlığını bərpa edib və hazırda xidmətə davam edir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla “Döyüşdə fərqlənməyə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunduğunu qeyd edən Elçin Vəliyev deyib: “Bu medallar biz hərbçilərdə böyük qürur hissi yaratdı. Çünki biz ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Vətən müharibəsində əsas döyüş tapşırıqlarımızı yerinə yetirdik. Uzun illər düşmən tapdağı altında olan torpaqlarımızı azad etdik. Bu, bizim üçün böyük fəxrdir”.