CƏMİYYƏT


Vətən müharibəsi qazisi: Müzəffər Ali Baş Komandanımızın nitqləri Azərbaycan əsgərinə əlavə güc və inam verirdi

Bakı, 23 oktyabr, Həsrət Mahmudova, AZƏRTAC

Vətən müharibəsi Azərbaycanın qəhrəmanlıq tarixinə qızıl hərflərlə həkk olunub. Müharibə zamanı tək ürək, tək yumruq kimi birləşərək düşməni darmadağın edən xalqımız bu günlərdə şanlı Qələbənin və torpaqlarımızın işğaldan azad edilməsinin birinci ildönümünü qeyd edir. Bu günlərdə bir tərəfdən şəhidlərimizin xatirəsini dərin ehtiramla anarkən, digər tərəfdən də dünyada tayı-bərabəri olmayan tarixi Qələbənin qazanılmasının qürurunu yaşayırıq.

Bu sözləri Vətən müharibəsinin iştirakçısı, “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı AZƏRTAC-a açıqlamasında söyləyib.

Tarix boyu qazanılan bütün zəfərlərin arxasında fədakarlıq, əzm, dirəniş və cəsarətin dayandığını vurğulayan Ş.Rəhmanlı bildirib ki, 2020-ci il sentyabrın 27-si xalqımızı şanlı Qələbəyə aparan böyük fədakarlığın başlanğıcıdır. Atəş səslərinin gecənin sükutunu pozduğu həmin andan başlayaraq, 44 gün ərzində Azərbaycan əsgəri cəsarəti, əzmkarlığı və peşəkarlığı ilə mübariz xalqın cəsur övladlarının qəhrəmanlığını bütün dünyaya göstərdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-də başlayan əks-həmlə əməliyyatı xalqımız üçün Vətən müharibəsinə çevrildi və rəşadətli Ordumuzun şanlı Qələbəsi ilə başa çatdı. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu “məğlubedilməz” ordunu və “keçilməz” istehkamları ildırım sürəti ilə darmadağın edərək böyük Zəfərə imza atdı.

Vətən müharibəsinin iştirakçısı olmasından sonsuz iftixar hissi keçirdiyini vurğulayan qazi deyib: “Böyük qürur hissi duyuram ki, mən də müzəffər Ordumuzun əsgəri kimi, müharibənin başladığı ilk gündən ön xəttə döyüşlərə qatıldım. Vətən müharibəsində artilleriya dəstəsində xidmət edirdim və “M-46” toplarından döyüş atışlarını həyata keçirirdim. Müharibədə son dərəcə ağır, qanlı döyüşlərdə iştirak etdik. Döyüşlərə Füzuli cəbhəsindən başladıq. Mən qəhrəman Azərbaycan Ordusunun hərbi qüdrətinin, döyüş gücünün, əsgər və zabitlərimizin mətinliyinin, fədakarlığının və peşəkarlığının məhz həmin döyüşlərdə bilavasitə şahidi oldu. Əks-hücum əməliyyatı zamanı düşmən illərlə möhkəmləndirilmiş güclü istehkamlarda güclü müqavimət göstərməyə başlasa da, Azərbaycan əsgəri əsla çəkinmədən və tərəddüd etmədən daim irəli gedir, hücuma atılırdı. Əsgərlər daim komandirlərə müraciət edərək döyüşə girmək üçün əmr gözlədiklərini bildirirdilər. Bütün bunlar illərdir yaşadığımız Vətən həsrətinin nəticəsi idi. Əsgər və zabitlərimizin əksəriyyəti işğal altındakı torpaqları heç vaxt görməsələr də, onlar Vətən torpağının hər qarışı uğrunda ölümün gözünün içinə dik baxaraq döyüşürdülər. Bu, əsl qürurverici məqam idi”.

İctimai Birliyin sədri müharibədə Füzuli, Cəbrayıl, Xocavənd, həmçinin Zəngilan, Qubadlı və Şuşa uğrunda döyüşlərdə iştirak edib. Bu barədə danışan Ş.Rəhmanlı bildirib: “Vətən müharibəsində yaşadığımız hər gün bir tarix idi. Ancaq mən xüsusilə üç məqamı ömrümün sonuna qədər unutmayacağam. Döyüş yoldaşlarımızdan birinin şəhid olduğu an gözümün önündən getmir. Günorta saatlarında təpəlik ərazidə qızğın döyüş gedirdi. Düşmən dayanmadan atəş açırdı. Lakin biz də yaxşı mövqelənmişdik. Düşmənin atdığı mərmilərdən biri qarşıdakı batareyanın yerləşdiyi mövqeyə düşdü. Bir də gördüm ki, komandir döyüş yoldaşımıza tərəf qaçır. Həmin an başa düşdük ki, əsgərimiz şəhid olub. Hələ bir-birimizi çox yaxşı tanımasaq da, döyüş yoldaşının şəhid olmasını görmək çox ağır hisslərdir. Şəhid olan döyüş yoldaşımız düşmənə qan udduran, cəsarətli, fədakar komandir idi. Onun şəhidlik zirvəsinə ucalması bizim mübarizə əzmimizi daha da gücləndirdi, bizə ruh verdi. Növbəti hadisə isə ən xoş anlarımdan biri idi. Bizə irəli getmək əmri verildi. Olduğum avtomobildə hər üç əsgər könüllü idi. Təsəvvür edin, işğaldan azad olunmuş torpaqlara ilk dəfə qədəm qoyurduq və illərdir bu anın həsrəti ilə yaşamağımız bizi son dərəcə həyəcanlandırırdı. O hissləri sözlə ifadə etmək çox çətindir. Bir sözlə, unudulmaz və möhtəşəm hisslər idi”.

Yaşadığı digər unudulmaz anı isə Qələbə xəbərini eşidərkən yaşadığını vurğulayan Ş.Rəhmanlı bildirib: “Qələbə xəbərini aldığımız gün atış üçün mərmi daşıyırdıq. Xəbəri aldığımızda bütün döyüşçülər sonsuz sevinc içində bir-birini qucaqladılar. Həmin gecə heç kim yatmadı, keçdiyimiz döyüş yolu bir anda gözümüzün önündə canlandı, sevincimizi bir-birimizlə bölüşməyə başladıq. Əsgər və zabitlərimiz özü, döyüş yoldaşları, qəhrəman Ordumuz, komandirlərimiz, ən əsası bizi bu Qələbəyə apararaq həm döyüş, həm də siyasi meydanda şanlı tarix yazan müzəffər sərkərdə, Ali Baş Komandan İlham Əliyev ilə fəxr edirdi. Çünki Müzəffər Ali Baş Komandanımızın sözləri, nitqləri, çıxışları əsgər və zabitlərimizə güc, qüvvət verirdi”.

Qeyd edək ki, Şahin Rəhmanlı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.