CƏMİYYƏT


Vətən müharibəsi qazisi: Sərgi iştirakçıları arasında olmaq sevincimə səbəb oldu

Vətən müharibəsi qazisi: Sərgi iştirakçıları arasında olmaq sevincimə səbəb oldu

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də “İçərişəhər” Qoşa Qala qapısı ərazisində keçirilən “Atma-yarat-sat” sərgi, satış-yarmarkasında öz əl işləri ilə təmsil olunanlar arasında Vətən müharibəsində iştirak edərək sağlamlığını itirən qazilər də var idi. AZƏRTAC-ın müxbiri sərgi iştirakçılarından olan Xüsusi Təyinatlı Qüvvələrin mənsubu Altan Sadıqovla həmsöhbət olub.

Qazinin sözlərinə görə, Vətən müharibəsi başlayanda iki il idi ki, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu kimi fəaliyyət göstərirmiş. 44 günlük haqq savaşımız da elə onun ilk ən böyük sınağı olub.

Döyüş yolu Kəlbəcər, Xocavənd və Şuşa istiqamətlərindən keçən Altan savaş meydanında yaralansa da, döyüş meydanını axıradək tərk etməyib: “Ən böyük arzum Şuşada döyüşmək, bu qədim şəhərin azad edilməsində yaxından iştirak etmək, Qələbəni döyüş meydanında yaşamaq idi”.

O, söhbətinə davam etdirərək deyib: “Noyabrın əvvəllərində Şuşaya istiqamətlənən döyüşlərin getdiyi vaxt - Daşaltıda yaxınlığıma tank mərmisi düşməsi nəticəsində yaralandım. Ağır yara aldığımdan Füzuli rayonundakı hospitala təxliyə olundum. Üç gündən sonra yenidən döyüş yoldaşlarımın yanına qayıdıb mübarizəmi davam etdirdim. Çox sevinirəm ki, Şuşa Zəfərini məhz silahdaşlarımla bir yerdə qeyd edə bildim”.

Müharibədən sonra doqquz aya yaxın yaddaş itkisindən əziyyət çəkən Altan ordu sıralarından da tərxis olunub. Onun reabilitasiya və bərpa prosesi isə uzun müddət davam edib. Üçüncü qrup əlil olan qazi Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində kurslara qoşularaq əl işləri hazırlamağa başlayıb: “Fikirlərimi əl işlərimə yönəltdikcə əsəblərim də sakitləşir. İlk dəfədir ki, çəkdiyim zəhmətin bəhrəsi olan məhsulları sərgidə nümayiş etdirdim. Sərgi iştirakçıları arasında olmaq sevincimə səbəb oldu. Göstərilən diqqət və qayğıya görə dövlətimizə, yaradılan şəraitə görə isə təşkilatçılara minnətdaram”, - deyə həmsöhbətimiz bildirib.

Qeyd edək ki, A.Sadıqov “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.