CƏMİYYƏT
Vətən müharibəsi qazisi: Üçrəngli bayrağımız daim Qarabağda dalğalansın!
Bakı, 28 sentyabr, AZƏRTAC
“Oktyabrın 21-i idi... Füzuli istiqamətindən düşmənə hücuma keçmişdik. Döyüş əməliyyatının gedişində düşmənlə üz-üzə qaldım və əsla geri çəkilmədim. Sonda sağ qıçımdan 4 güllə yarası aldım, ağır yaralandım. Döyüş yoldaşlarımın köməyi ilə hospitala aparıldım”.
Bu sözləri AZƏRTAC-ın əməkdaşı ilə söhbətində Vətən müharibəsi qazisi Ayxan İsayev deyib.
Ayxan İlqar oğlu İsayev 2001-ci ildə Ağdaş rayonunun Qarağan Saatlı kəndində anadan olub. Ötən ilin sentyabrın 27-də Vətən müharibəsi başlananda Vətənin müdafiəsi uğrunda silaha sarılıb. Füzuli və Suqovuşan istiqamətində döyüşlərə qatılan Ayxan oktyabrın 21-də Qanlı dərədə yaralanıb.
19 yaşlı qazi yaralandıqdan sonra Füzuli, Ağcabədi və Bakıda bir neçə xəstəxanada müalicə alıb, əməliyyat olunub. Hadisə nəticəsində sağ ayağının yarısını itirən qazi səhhətindən şikayət etmir. Həkimlərin əməyini yüksək qiymətləndirən Ayxan hər şeyin yaxşı olacağına ümidini itirməyib. Deyir ki, onun üçün Vətən hər şeydən əzizdir: “Üçrəngli bayrağımızı Qarabağda dalğalandırmaq bütün azərbaycanlılar kimi mənim də ən böyük arzum idi. Əgər, doğrudan da, Vətənin bir zərrəsinin belə düşməndən geri alınmasında mənim də payım varsa, deməli, dünyanın ən xoşbəxt əsgəriyəm”.
Avtomobillə təmin olunan Vətən müharibəsi qazisi Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqət və qayğısından razılığını ifadə edib və hər zaman dəstəklə əhatə olunduğuna, sosial vəziyyətinin yaxşılaşdırılması üçün avtomobillə təmin edildiyinə görə dövlət başçısına minnətdarlığını bildirib: “Fizioterapiya müalicəsinə gedirəm. Təqdim edilən avtomobil, doğrudan da, mənim və ailəmin işini müəyyən qədər yüngülləşdirəcək”.
A.İsayev vurğulayıb ki, müharibədə yaralandığı gündən etibarən dövlətin xüsusi qayğısını həmişə hiss edib: “Heç vaxt diqqətdən kənarda qalmamışam. Həm səhhətimin, həm də sosial vəziyyətimin yaxşılaşdırılması üçün dövlət tərəfindən kifayət qədər tədbir görülüb. Ağdaş Rayon İcra Hakimiyyətinin əməkdaşları da vaxtaşırı sağlığım və digər problemlərim ilə maraqlanırlar. Göstərilən xüsusi diqqət və qayğı üçün əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm”.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Ayxan İsayev “Xocavəndin alınmasına görə”, “Şuşanın alınmasına görə”, “Füzulinin alınmasına görə”, “Ağdərənin alınmasına görə” medalları ilə təltif edilib.
Xatırladaq ki, ölkədə müharibə əlillərinin minik avtomobilləri ilə təminatı prosesi uğurla davam etdirilir. Bu kateqoriyadan olanlara 2018-ci ildə 265, 2019-cu ildə 600, 2020-ci ildə 400 və nəhayət, 2021-ci ildə isə 144 ədəd avtomobil verilib. Ümumilikdə ötən dövr ərzində isə 7350-dək avtomobil müharibə əlillərinə təqdim olunub.