CƏMİYYƏT
Vətən müharibəsi qazisi: Xalqımızın güclü dəstəyini hiss edən əsgər və zabitlərimiz daha böyük ruh yüksəkliyi ilə döyüşürdülər
Bakı, 23 oktyabr, AZƏRTAC
Vətən müharibəsi başlayanda Seyidəkbər Xalıqov 17 ayın əsgəri idi. On doqquz yaşı olmasına baxmayaraq, doğma torpaqlarımızın düşməndən azad edilməsi uğrunda döyüşlərdə ölümün gözünün içinə dik baxaraq irəli atılıb. Gənc döyüşçü müqəddəs Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak etməsindən son dərəcə qürur duyduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Seyidəkbər Xalıqov 2001-ci il mayın 19-da paytaxtın Sabunçu rayonunun Maştağa kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2019-cu ilin aprelində həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətə yola düşəndə ağlına gəlməzdi ki, bir il sonra müharibə başlayacaq və torpaqlarımızın otuz ilə yaxın davam edən işğaldan azad olunmasında o da yaxından iştirak edəcək: “Mən 2019-cu il iyulun 3-də hərbi xidmətə yollanmışam. İlk xidmətimə Goranboy rayonunda başlamışam. Daha sonra isə Tərtər rayonunda düşmən postları ilə üzbəüz mövqelərdə xidmət aparmışam. Tovuz döyüşləri zamanı müdafiə qoşunlarında xidmət edirdim. Vətən müharibəsindən əvvəl səngər qazma işlərində böyük fəallıq göstərmişəm. Sentyabrın 27-də 44 günlük Vətən müharibəsi başlayandan noyabrın 4-dək daim düşmən mövqeləri ilə üz-üzə vuruşan bölmələrin tərkibində döyüşmüşəm. Mən əsasən Suqovuşan və Ağdərə istiqamətində döyüşlərdə iştirak etdim. Noyabrın 4-də ön cəbhədə xidmət aparan zamanı qüvvələrimiz düşmən snayperlərinin mövqelərinə ağır zərbə vurdu. Lakin mənfur düşmən minaatanlardan istifadə edərək mövqelərimizi atəşə tutdu. Atılan mərmilərdən biri ayağımın üzərinə düşdü. Həmin mərmi yanımda olan əsgər yoldaşım Tərlan Kərimlinin daxili orqanlarını yaraladı. Bu, mənim üçün çox ağır mənzərə idi. Çünki vahid amal - Vətən uğrunda döyüşən hər bir əsgər kimi, biz də doğmalaşmışdıq. Müharibə zamanı heç kəs özünü düşünmürdü, hər kəs əsgər yoldaşını düşmən gülləsindən qorumağa, təhlükələrə baxmayaraq, yaralanan döyüşçünü əməliyyat zonasından çıxarmağa çalışırdı. Mən həyatımın sonuna qədər həmin qanlı döyüşləri və silahdaşlarımın fədakarlığını, qəhrəmanlığını heç vaxt unutmayacağam. Şəhid olan döyüş yoldaşlarımın qisasının alınması qismən də olsa mənə təskinlik verir. Atılan mərmi sağ ayağımı dizdən aşağı qopardı. Sol ayağım isə bu mərmidən ciddi zədə aldı. Hazırda ayaqlarımda 40 qəlpə var. Ağcabədi xəstəxanasında həkimlərimiz mənə çox böyük kömək göstərdilər. Sevinirəm ki, haqq savaşında iştirak etmək mənə də qismət oldu. Ayağımı itirməyimə baxmayaraq, haqq savaşında iştirak etməkdən qürur duyuram”.
Azərbaycan xalqının Vətən müharibəsində əsl həmrəylik və vətənpərvərlik nümunəsi göstərdiyini vurğulayan qazi deyib: “Azərbaycan xalqı Vətən müharibəsində Ordumuz üçün misilsiz fədakarlıq etdi. Yerli əhali daim döyüşçülərə sovqat gətirirdi. Arxasında xalqımızın güclü və yenilməz dəstəyini hiss edən, görən əsgər və zabitlərimiz yeni qələbələrlə xalqımızı sevindirmək üçün döyüşlərə daha böyük coşqu ilə atılırdı. İstər müharibə dövründə, istərsə də müharibədən sonra dövlətimizin və xalqımızın dəstəyini həmişə hiss etmişik və edirik. Azərbaycan həkimlərinin Vətən müharibəsində yaralıların sağalmasında böyük fədakarlıq göstərdiklərini də xüsusi vurğulamaq lazımdır. Həmçinin mən xəstəxanada müalicəmi başa vurub evə qayıtdıqdan sonra “YAŞAT” Fondu kəsilən ayağımın yerinin müalicəsinə başladı və ayağıma protez qoyuldu. Digər ayağım isə həkimlər tərəfindən müalicə edilərək tamamilə sağaldı”.
Vətən müharibəsində canından keçən şəhidlərimizin xatirəsinə, yaralananların sağlamlıqlarının bərpasına Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ən yüksək diqqət və qayğının göstərildiyini vurğulayan Seyidəkbər Xalıqov bildirib: “İşğal altındakı torpaqlarımız məhz Prezidentimizin yürütdüyü müdrik siyasəti nəticəsində işğaldan azad olundu. Müharibə canından keçən şəhidlərimizin xatirəsinə, onların ailələrinə və qazilərə ölkəmizdə yüksək diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva daim biz qazilərin yanındadır. Məhz bunun sayəsindədir ki, hazırda şəhid ailələrinin və qazilərin bütün problemləri həllini tapır. Dövlətimiz tərəfindən ötən günlərdə 44 qaziyə avtomobil təqdim olunub. Avtomobil verilən qazilərdən biri də mənəm. Göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandanımıza və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Seyidəkbər Xalıqov Vətən müharibəsində göstərdiyi şücaətlərə görə “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.