CƏMİYYƏT
Vətən müharibəsi qazisi laparoskopik üsulla əməliyyat olunub
Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkimləri Vətən müharibəsində yaralanan qazilərə zəruri tibbi xidmət göstərir.
AZƏRTAC ATU-nun rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, Vətən müharibəsində yaralanan qazi Elşən İsmayılov Tədris Cərrahiyyə Klinikasında ikinci dəfə əməliyyat olunub.
Qazi E.İsmayılov döyüş zamanı qarın boşluğu və döş qəfəsindən mərmi yarası alıb. Həmin vaxt E.İsmayılov Naftalanda hospitalda ilkin əməliyyat olunub - splenektomiya (dalağın xaric olunması) aparılıb, döş qəfəsi BLAU üsulu ilə drenaj edilib və körpücük sümüyünün sınığı fiksasiya olunub. Sonradan qazinin Tədris Cərrahiyyə Klinikasında müalicəsi davam etdirilib. Səhhəti yaxşılaşdıqdan sonra E.İsmayılov evə buraxılıb. Lakin əməliyyatdan sonrakı müayinələrdə E.İsmayılovda nəhəng yırtıq aşkar olunub. YAŞAT Fondu və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə qazi Tədris Cərrahiyyə Klinikasında laparoskopik üsulla əməliyyat olunub və yırtıq aradan qaldırılıb.
Hazırda klinikada müalicəsini davam etdirən qazi E.İsmayılov 25 ilə yaxın hərbi xidmətdə olduğunu və Vətən müharibəsindən öncə 2016-cı ilin Aprel döyüşlərində də iştirak etdiyini bildirib: “44 günlük Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində döyüşmüşəm. 2020-ci il oktyabrın 3-də Suqovuşanı azad etdik. Növbəti gün isə döyüşdə ağır güllə və qəlpə yaraları aldım. Ağır vəziyyətdə Naftalandakı hospitala təxliyə olundum. İlk təcili əməliyyatdan sonra isə Bakıya göndərildim. Tədris Cərrahiyyə Klinikasında tibbi heyətin köməkliyi ilə sağlamlığıma qovuşdum”.