CƏMİYYƏT


Vətən müharibəsi qazisi ona göstərilən müalicə prosedurlarından razılıq edir

Bakı, 17 iyun, AZƏRTAC

Milli Ordunun əsgəri Mahir Məmmədov 2019-cu ilin iyununda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də hərbi xidmətdə ikən Vətən müharibəsi başlayıb və o da əlində silah erməni hərbi birləşmələrinin işğal altında saxladıqları ərazilərin azad edilməsi uğrunda döyüşlərə qoşulub. Döyüş yolu Suqovuşandan və Hadrutdan keçib.

Oktyabrın 7-də isə onun üzv olduğu hərbi hissə düşmən hücumunun qarşısını alarkən yaxınlığa düşən əl qumbarası onu ağır yaralayıb. İndi ikinci qrup əlil olan Mahirin öz sözləri ilə desək, sinəsindən başqa bədəninin hər yerində qəlpə var. Vətən müharibəsi qazisi həmin döyüşdən sonra Ağdam, Yevlax, Mingəçevir və Şəkidəki hospitallarda, həmçinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə prosedurları keçib.

Bədənində 70-dək qəlpə gəzdirən Vətən müharibəsi qazisi hazırda Mərdəkan Reabilitasiya Pansionatında müalicə olunur. O, müalicə kursunun gedişi barədə AZƏRTAC-ın müxbirinə deyib: “15 gündür ki, pansionatda müalicə olunuram. Müalicələrin gedişindən çox razıyam. Bədənimdə olan qəlpələr sağlamlığıma ciddi narahatlıqlar yaradır. Burada aldığım parafin müalicəsi, qəbul etdiyim əl və ayaq üçün vannalar, masajlar və digər fizioterapevtik prosedurlar nəzərəçarpacaq dərəcədə yaxşı təsir göstərir. Pansionatda göstərilən qulluq və xidmət razılıq doğurur, aparılan müalicələr narahatlıqlarımı xeyli yüngülləşdirib. Mənə və burada müalicə olunan digər Qarabağ müharibəsi iştirakçılarına çox böyük diqqət və qayğı ilə yanaşırlar. Bu cür qayğı ilə əhatə olunduğumuza görə sağalma prosesi də sürətlə gedir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.