CƏMİYYƏT
Vətən müharibəsi qazisi: yüksək texnologiyalı protez tələbəlik həyatımı müəyyən qədər asanlaşdıracaq
Bakı, 6 oktyabr, AZƏRTAC
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yuxarı ətrafları amputasiya olunmuş 6 nəfər qazini yüksək texnologiyalı protezlərlə təmin edib. Həmin qazilərdən biri də Vətən müharibəsinin iştirakçısı Ayxan Mövsümovdur.
AZƏRTAC xəbər verir ki, Ayxan Mövsümov 2001-ci ildə Şabranda anadan olub. Ötən il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Vətənin müdafiəsinə qalxan Ayxan müharibənin ikinci günündə yaralanıb.
Füzuli və Xocavənd uğrunda gedən döyüşlərə qatılan əsgər minomyot qəlpəsindən sağ qolunu itirib. Onun sağ qolu dirsəkdən amputasiya olunub və ikinci qrup əlillik təyin edilib. Ayxan çətinliklərə baxmayaraq, müharibədən sonra daha bir böyük arzusuna çatıb, tələbə adını qazanıb: “Türkiyənin məşhur universitetlərindən birinə qəbul olunmuşam. Yaxın günlərdə qismət olarsa, təhsilimə başlamaq üçün Türkiyəyə yola düşəcəyəm. Bu gün son nəsil protezlə təmin olunmağımın da tələbəlik həyatımı asanlaşdıracağına inanıram. Protezi idarə etmək üçün xüsusi proqram var. Həmin proqramın köməyi ilə protez bir sıra hərəkətləri reallaşdıra bilir. Protezin ümumilikdə 18 fərqli tutma variantı mövcuddur. Göstərilən diqqət və qayğı üçün başda Prezident, Ali Baş Komandan İlham Əliyev olmaqla, əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm”.
Ayxan Mövsümov Vətən müharibəsində göstərdiyi igidliyə görə, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Xatırladaq ki, 2020-ci ilin dekabr ayından etibarən ümumilikdə 149 qazi son nəsil protezlərlə təmin edilib.