REGİONLAR


Vətən müharibəsi qəhrəmanı Mehrab Niftəliyevin xatirəsi anılıb

Sumqayıt, 14 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtda Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən müharibəsi qəhrəmanı, şəhid Mehrab Niftəliyevin anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, şəhidin döyüş yoldaşları, ailə üzvləri və yaxınları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmiləri mayın 13-də şəhidin doğum günündə Sumqayıtdakı Şəhidlər xiyabanında onun məzarını ziyarət ediblər.

İştirakçılar Mehrab Niftəliyev haqqında xatirələrini bölüşüblər, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Qeyd olunub ki, M.Niftəliyev qısa, amma mənalı ömür yaşayıb, canını Vətən torpaqlarının azadlığı uğrunda fəda edib.

Qeyd edək ki, Niftəliyev Mehrab Söhrab oğlu 1985-ci ilin mayın 13-də Qubada anadan olub. 17 il Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə qüsursuz xidmət edib. O, Azərbaycanla yanaşı, digər xarici ölkələrdə təşkil edilən hərbi təlimlərdə uğurlara imza atıb.

M.Niftəliyev, xüsusən, çətin hərbi təlim sayılan "Qafqaz qartalı" və "EFES" təlimlərini keçib. Hərbi xidmətə başladığı ilk gündən bacarığı və atdığı addımları ilə komandanlığın diqqətini cəlb edən M.Niftəliyev döyüş bölgəsinə göndərilib. Ayrı-ayrı cəbhə bölgələrində erməni işğalçılarına qarşı ölüm-dirim savaşlarında iştirak edib.

Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşada döyüşüb, düşmənin bir neçə zabit və hərbi qulluqçusunu, eyni zamanda, zirehli texnikasını məhv edib. M.Niftəliyev noyabrın 8-də Şuşada qəhrəmancasına şəhid olub.

Şəhidin qəhrəmanlığı Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. M.Niftəliyev "Vətən müharibəsi qəhrəmanı" adı, "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.