MƏDƏNİYYƏT


Vətən müharibəsi qəhrəmanları gənc heykəltaraşların əsərlərində -  Reportaj VİDEO

Bakı, 15 iyun, Xəyalə Cəfərova, AZƏRTAC

Bu il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirən bir qrup tələbənin diplom işi vətənpərvərlik mövzusuna həsr olunub. Gənclərin bu mövzuya müraciət etməsi heç də təsadüfü deyil. Azərbaycanın şanlı ordusunun 44 günlük Vətən müharibəsində qazandığı böyük zəfər, cəsur oğul və qızlarımızın dastana dönən şücaəti yaradıcı gənclərimiz üçün əsl ilham mənbəyi olub.

AZƏRTAC xəbər verir ki, Rəssamlıq Akademiyasını heykəltaraşlıq ixtisası üzrə bitirən tələbələr - Təbriz Soltanlı general-mayor Polad Həşimovun, Müstəqil Balayev Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın, Leyla Məmmədova isə yaralı dostunu döyüş bölgəsindən çıxaran əsgərin heykəllərini hazırlayıblar.

Diplom işi olaraq Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun heykəlini hazırlayan tələbə Təbriz Soltanlı söyləyir ki, qəhrəmanın xarakterini, daxili dünyasını daş üzərində əks etdirmək nə qədər çətin olsa da, olduqca məsuliyyətlidir: “Ötən il Polad Həşimovun büstünü hazırlayan zaman ağlıma gəlməzdi ki, nə vaxtsa onun heykəlini də hazırlayaram. Polad Həşimovun cəsurluğu ilə bərabər daxilindəki saflığı əks etdirməyə çalışdım. İlk olaraq heykəlin eskizini hazırladım. Rektorumuz Ömər Eldarov və diplom rəhbərim Xalq rəssamı Akif Əsgərov işi çox bəyəndilər. Heykəl üzərində təxmini üç aya yaxındır işləyirəm. On-on beş günə tam yekunlaşdıracağam”.

İstedadlı heykəltəraş Leyla Məmmədovanın “Vətən naminə” adlandırdığı kompozisiyada döyüş bölgəsindən yaralı dostunu çıxarmağa çalışan mərd Azərbaycan əsgəri təsvir olunub. Gənc heykəltəraşın ilham mənbəyi Şuşanı azad etmək üçün əliyalın düşmənlə vuruşan əsgərlərin döyüş xatirələri olub.

“Vətən müharibəsinin gedişatını diqqətlə izləyirdim. Hər şəhid haqqında da araşdırmalar aparırdım. Diplom işi üçün mövzu seçimi edərkən Azərbaycan əsgərlərinin fədakarlığını bir heykəl üzərində birləşdirməyi düşündüm. Xalq rəssamı Ömər Eldarov eskizi bəyəndi. Diplom rəhbərim Akif Əsgərovun məsləhətlərindən sonra isə bir aya yaxındır bu heykəli hazırlayıram. Bir neçə günə işimi tam yekunlaşdıracağam. İyunun sonu diplom müdafiəsi olacaq. Buna görə həyəcanlıyam. Belə bir məsuliyyətli işi ərsəyə gətirmək çox qürurvericidir”,-deyə Leyla Məmmədova bildirib.

Digər müsahibimiz Müstəqil Balayevin heykəltaraşlığa marağı uşaq yaşlarından başlayıb. O, atasından ilkin vərdişləri mənimsəyib. Daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olub və müəllimlərindən bu sənətin incəliklərini öyrənib. Bir neçə ay öncə 44 günlük Vətən müharibəsinin ilk və son xanım şəhidi Arəstə Baxışovanın büstünü hazırlayan M.Balayev deyib: “Diplom işi olaraq Arəstə Baxışovanın heykəlini hazırlamağa qərar verdim. Çünki Arəstə minlərlə şəhidimizin yeganə şəhid bacısıdır. Tələbə yoldaşlarım kimi mən də eskizlərimi Ömər Eldarov və Akif Əsgərova təqdim etdim. Onlar öz düzəliş və məsləhətlərini verdikdən sonra hazırlıqlara başladım. Qadın obrazını yaratmaq kişi obrazını yaratmaqdan çox çətindir. Mənim üçün qəhrəman qadın obrazını işləmək - onun xarakterini, üz cizgilərini, qorxmazlığını və analıq duyğularını daşa köçürmək heç də asan olmadı. Arəstə Baxışova haqqında məlumatlar topladım. İşi tam bitirməsəm də şəhid xanımın ailəsi heykəli görüb və bəyənib”.

Onu da əlavə edək ki, M.Leyla, B.Müstəqil və S.Təbriz bir çox əsgərlərimizin büst və heykəllərini hazırlayıblar. Biz də bu məzun tələbələrə gələcək işlərində uğurlar arzuladıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.