CƏMİYYƏT
Vətən müharibəsi şəhidi Anar Bahadurovun doğum günündə xatirəsi anılıb
Bakı, 29 iyun, AZƏRTAC
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Qələbə qazandığı Vətən müharibəsində igidliklə döyüşərək Zəfər Günü şəhidlik zirvəsinə yüksələn, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medallarına layiq görülən Anar Süleyman oğlu Bahadurovun 30-cu doğum günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Xırdalan şəhərində yerləşən Mədəniyyət Evində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova, Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidimizin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova Azərbaycanın döyüş meydanında əldə etdiyi Zəfərdən, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb.
Bildirilib ki, şəhid ailələri və qazilər həyatlarının hər bir anında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss edirlər. Abşeron rayonunda yaşayan şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı bundan sonra da daimi olaraq davam etdiriləcək.
Sonra çıxış edən şəhid Anar Bahadurovun atası Süleyman Bahadurov, anası Zeynəb Bahadurova, Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, din xadimi Rasim Xudaverdiyev və digərləri xalqımızın qazandığı Qələbədən, ordumuzun gücündən, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan, igidlərimizin qəhrəmanlıqlarından danışıblar.
Şəhid ailələri ölkəmizdə onlara göstərən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.
Sonda incəsənət nümayəndələrinin və Mədəniyyət Mərkəzinin hazırladığı bədii kompozisiya təqdim edilib, məktəblilər vətənə, qələbəyə aid şeirlər səsləndirib.