REGİONLAR


Vətən müharibəsi şəhidi Cavid Məmmədlinin anım günü qeyd edilib

Şirvan, 5 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Şirvanda Vətən müharibəsi şəhidi Cavid Natiq oğlu Məmmədlinin xatirəsi anılıb. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər xiyabanında Cavidin məzarına gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, Cavid Natiq oğlu Məmmədlinin ailəsinə başsağlığı verib, Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə valideynlərinə təşəkkür edib və onlara səbir diləyib.

Çıxışlarda Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılıb. Dünyanın 50 ən güclü ordusu sırasında qərarlaşan Azərbaycan Ordusunun müasir texnika ilə təchizatından, müntəzəm olaraq keçirilmiş təlimlərdən, ordumuzun döyüş potensialının gücləndirilməsindən, hərbi sənayenin yaradılmasından, ordu quruculuğu sahəsində görülən işlərdən danışılıb. Prezident-ordu-xalq vəhdətinin, birliyinin, həmrəyliyinin nəticəsi olaraq torpaqlarımızın düşməndən azad edildiyi, haqq-ədalətin bərpa olunduğu, Şanlı Zəfər gününün tariximizə şəhidlərimizin qanı ilə yazıldığı bildirilib. Üçrəngli bayrağımızın respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalandığı vurğulanıb. Vətən uğrunda ən şirin nemət olan canını fəda etməklə ən uca zirvəyə yüksələn Cavidin və onun kimi yüzlərlə mərd və cəsarətli oğulların xatirəsinin qədirbilən xalqımız tərəfindən unudulmayacağı söylənilib. Şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlərdən bəhs edilib. Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığı söylənilib.

Sonra Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İlkin Məmmədov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, din xadimi Hacı Vasif çıxış edərək, şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir diləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.