REGİONLAR
Vətən müharibəsi şəhidi Elgün Paşayevin xatirəsi anılıb VİDEO
Füzuli, 5 mart Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi şəhidi Paşayev Elgün İlham oğlunun doğum günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin xatirəsinin anıldığı mərasimdə ailəsi ilə bərabər Füzuli rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, döyüş yoldaşları, məktəblilər, qazilər və qəsəbə sakinləri iştirak ediblər. Əvvəlcə şəhidlərin xatirəsi sükutla anılıb. Çıxış edənlər Elgün Paşayevin Vətənə olan sevgisindən və keçdiyi döyüş yolundan danışıblar. Bildirilib ki, Paşayev Elgün İlham oğlu 1994-cü il martın 4-də Sabirabad rayon Qalaqayın kəndində məcburi köçkün ailəsində anadan olub. 2001-2007-ci illərdə Qalaqayın kənd 1 saylı tam orta məktəbdə oxuyub. Ailəsinin Füzuli rayon İkinci Zobucuq qəsəbəsinə köçməsi ilə əlaqədar təhsilini 27 saylı tam orta məktəbdə başa vurub. 2012-2013-cü illərdə Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətdə olub. 2015-ci ildə ailə qurub və iki övladı dünyaya gəlib. Elgün könüllü olaraq 2019-cu ildən müddətdən artıq hərbi xidmətçi kimi Vətənin keşiyində dayanıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elgün Paşayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şücaətlə döyüşüb. Düşmən sədlərinin yarılmasında qəhrəmanlığı ilə seçilib. Elgün Paşayev sentyabrın 27-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
O, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.