REGİONLAR
Vətən müharibəsi şəhidi Elməddin Bədəlovun xatirəsi anılıb VİDEO
Füzuli, 7 mart, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi şəhidi Elməddin Bədəlovun doğum günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin əziz xatirəsinin anıldığı toplantıda ailəsi ilə bərabər Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, döyüş yoldaşları, məktəblilər, l-ll Qarabağ müharibəsi qaziləri və Kərimbəyli kəndinin sakinləri iştirak ediblər. Əvvəlcə canını Vətən uğrunda fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Çıxış edənlər Elməddinin Vətənə olan sevgisindən və keçdiyi döyüş yolundan danışıblar.
Bildirilib ki, əslən Füzuli rayonunun Kərimbəyli kəndindən olan Elməddin Dəyanət oğlu Bədəlov 2000-ci il martın 6-da Bakı şəhərində dünyaya göz açıb. 2006-cı ildə şəhid Əkrəm Səlimov adına Kərimbəyli kənd tam orta məktəbində təhsil almağa başlayan Elməddin vətənpərvərliyi ilə seçilib. Hərbçi olmaq onun ən böyük arzusu olub. İdmana da marağı olan Elməddin güləş idman növü üzrə uğurları ilə fərqlənib. 2018-ci ildə hərbi xidmətə də sevinclə yola düşən Elməddin xidmətini ön cəbhədə yerinə yetirib.
Hərbiyə marağı olduğu üçün Elməddin müddətdən artıq xidmətçi kimi yenidən Vətənin keşiyində dayanıb. Vətən müharibəsində bir çox tapşırıqların uğurlu yerinə yetirilməsində fəallıq göstərib. O, kəşfiyyatçı kimi düşmənin arxasına keçərək təkbaşına Füzulinin Merdinli kəndində 16 ermənini məhv edib və döyüş yoldaşları üçün yol açıb. Daha sonra Füzulinin Qaraxanbəyli kəndi uğrunda döyüşlərdə ən çətin düşmən məntəqələrinin məhv olunmasında iştirak edib. Sentyabrın 29-da qəhrəmancasına döyüşərək şəhid olan Elməddinin son sözləri isə belə olub: “Yenə canım olsaydı, onu da Vətənim üçün fəda edərdim”.
Elməddin Bədəlov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.