REGİONLAR
Vətən müharibəsi şəhidi Fəxrəddin Fərəcovun yeni doğulan körpəsinə öz adı verilib VİDEO
Quba, 27 aprel, Elxan Yusifli, AZƏRTAC
Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edərkən şəhidlik zirvəsinə ucalan xaçmazlı Fəxrəddin Feyzulla oğlu Fərəcovun oğlu dünyaya gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprel 20-də Quba Perinatal Mərkəzində dünyaya göz açan körpə bu gün evə buraxılıb. Şəhidin həyat yoldaşı Xəyalə Fərəcova və körpəsinin vəziyyəti normaldır.
Şəhid Fəxrəddin Fərəcov Xaçmaz rayonunun Xudat şəhərindəndir. 28 yaşlı Fəxrəddin Vətən müharibəsində Cəbrayıl, Füzuli, Hadrut və Xocavəndin azad olunması uğrunda qəhrəmanlıqla döyüşüb. Qorxmaz döyüşçü oktyabrın 23-də Xocavənd istiqamətində şəhidlik zirvəsinə ucalıb. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan kiçik çavuş F.Fərəcov ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
Fəxrəddin Fərəcovun yeni doğulan övladı Quba Perinatal Mərkəzindən evə ailə üzvləri, “YAŞAT” Fondunun nümayəndələri və şəhidin döyüş yoldaşlarının əhatəsində yola salınıb. Körpəyə şəhidin öz adı verilib. Bu F.Fərəcovun ikinci övladıdır. Şəhidin digər oğlu Ümidin isə bir yaşı var.
Şəhid Fəxrəddin Fərəcovun övladının zəruri xərcləri “YAŞAT” Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.
Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.