CƏMİYYƏT
Vətən müharibəsi şəhidi Hacırza Rzayevin əziz xatirəsi yad olunub
Bakı, 12 may, AZƏRTAC
44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
AZƏRTAC Nəsimi Rayon İcra Hakimiyyətinin saytına istinadla xəbər verir ki, müharibələrdə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirib. Vətən müharibəsində şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb.
Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edir.
Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canını qurban vermiş Nəsimi rayon şəhidinin əziz xatirəsi yad olunub.
Şəhid Rzayev Hacırza Fikrət oğlunun xatirəsi Nəsimi Rayon İcra Hakimiyyəti başçısının, Nəsimi Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə dərin hörmət və ehtiramla yad edilib, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.