REGİONLAR


Vətən müharibəsi şəhidi Hüseyn Qasımovun xatirəsi anılıb VİDEO

Beyləqan, 16 may, Aydın Yavərzadə, AZƏRTAC

Vətən müharibəsi şəhidi Qasımov Hüseyn Kamil oğlunun doğum günündə xatirəsi anılıb. Şəhidin Beyləqan rayonu Qəhrəmanlı kəndində məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində şəhidin ailəsi ilə yanaşı, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər. Əvvəlcə şəhidlərin xatirəsi anılıb. Çıxış edənlər Hüseynin Vətənə olan sevgisindən, döyüş yolundan söhbət açıblar. Bildirilib ki, Qasımov Hüseyn Kamil oğlu 1984-cü il mayın 13-də Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub. 1990-cı ildə Qaraxanbəyli kənd orta məktəbində 1-ci sinfə daxil olub. Ermənilərin Azərbaycan torpaqlarına təcavüzü zamanı Hüseyn ailəsi ilə birlikdə məcburi köçkün olaraq Beyləqan rayonunun Qəhrəmanlı kəndində məskunlaşıb. Hələ azyaşlı vaxtlarından Vətən həsrəti ilə yaşayan Hüseyn gələcəkdə hərbçi olmağı qərara alıb. 2002-ci ildə həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanıb. Tərxis olduqdan sonra Ağcabədi Dövlət Pedaqoji Kollecinin Bədən-tərbiyəsi fakültəsinə qəbul olub. 2008-ci ildə həmin kolleci bitirib. Müəllim ixtisası olmasına baxmayaraq, Hüseyn 2010-cu ildə könüllü olaraq ordu sıralarına qayıdıb. Xidmət illəri əsasən Bərdə, Ağdam və Beyləqan rayonlarında yerləşən N saylı kəşfiyyat taborunda olub. Hüseyn hərbi xidmətdə göstərdiyi nümunəvi xidmətinə görə 2014-cü ildə gizir rütbəsi alıb. 2016-cı il Aprel döyüşlərində də xüsusi şücaəti ilə seçilib. Öz tağımı ilə düşmənin bir neçə canlı qüvvəsini məhv edib.

Azərbaycan Ordusunun giziri olan Hüseyn Qasımov Vətən müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə igidliklə vuruşub. Kəşfiyyat tağım komandiri olan Hüseyn öz tağımı ilə birlikdə ön cəbhənin yarılmasında xüsusi ilə fərqlənib. Hüseyn Qasımov oktyabrın 2-də Cəbrayıl rayonu uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Beyləqan rayonu Qəhrəmanlı kənd qəbiristanlığında dəfn olunub.

Hüseyn Qasımov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Hərbi xidmətlərə görə", "Füzulinin işğaldan azad olunmasına görə" medalları ilə təltif edilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.