CƏMİYYƏT
Vətən müharibəsi şəhidi Məhəmməd İsmayılzadənin anım mərasimi keçirilib
Bakı, 26 oktyabr, Leyla Qurbanova, AZƏRTAC
Oktyabrın 26-da Vətən müharibəsi şəhidi Məhəmməd İsmayılzadənin anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidin məzarı ziyarət edilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfərdən söhbət açıb. Bildirib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu çox böyük güc nümayiş etdirərək düşməni torpaqlarımızdan həmişəlik qovdu. Azərbaycan xalqı Vətən müharibəsində böyük qəhrəmanlıq, igidlik göstərən, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidləri heç zaman unutmayacaq, onların əziz xatirəsi həmişə anılacaq”.
Şəhidin atası, Birinci Qarabağ müharibəsi iştirakçısı Füzuli İsmayılov Vətən müharibəsində könüllü iştirak edən oğlu Məhəmmədin Cəbrayıl və Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərdiyini bildirib: “Oğlum 44 günlük Vətən müharibəsində demək olar bir ay ərzində Cəbrayıl, Füzuli rayonlarının azad olunmasında böyük fədakarlıq göstərib. Ordumuzun şanlı Qələbəsində oğlumun payının olması bir ata kimi məni qürurlandırır”.
Milli Məclisin deputatı Etibar Əliyev Vətən müharibəsində məhz Azərbaycanın qəhrəman övladlarının döyüş əzmi, mərdliyi nəticəsində torpaqlarımızın düşmən işğalından azad olunduğunu, tarixi Qələbə nəticəsində xalqımızın 30 illik həsrətdən sonra dədə-baba torpaqlarına qovuşduğunu vurğulayıb: “İşğaldan azad olunmuş torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağının dalğalanması qürurvericidir. Xalqımız bu böyük Qələbəni bizə nəsib edən qəhrəman oğulları ilə hər zaman fəxr edəcək. Şəhidlərimizin xatirəsi əbədi yaşayacaq”.
Şəhidin Məhəmməd İsmayılzadənin döyüş yoldaşı Seymur Quluzadə Məhəmmədin müharibənin ilk anlarından ön cəbhədə düşmənlə döyüşlərdə böyük igidlik nümayiş etdirdiyini, heç nədən qorxmayaraq həmişə irəliyə can atdığını deyib: “Məhəmməd pulemyotçu idi və ön cəbhədə aslan kimi döyüşürdü. O, qorxmazlığı, cəsarəti, fədakarlığı ilə seçilirdi. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv etməsi ilə yanaşı, döyüş yoldaşlarını da müdafiə edirdi. Məhəmmədin əziz xatirəsi həmişə yaddaşlarda yaşayacaq”.
Şəhidin digər döyüş yoldaşları, Vətən müharibəsi qaziləri, müəllimləri və yaxınları müzəffər Ordumuzun mənfur düşməni ağır məğlubiyyətə uğradaraq, xalqımıza bəxş etdiyi tarixi Qələbənin əhəmiyyətindən, Məhəmməd İsmayılzadənin döyüş yolundan danışıblar.
Daha sonra Məhəmməd İsmayılzadənin təhsil aldığı 318 nömrəli tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya təqdim ediblər.
Mərasim ehsan süfrəsinin açılması ilə başa çatıb.
Qeyd edək ki, Məhəmməd İsmayılzadə döyüşlərdə göstərdiyi fədakarlığa görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.