ELM VƏ TƏHSİL


Vətən müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin xatirəsi anılıb

Bakı, 22 noyabr, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) magistr məzunu, Vətən müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin doğum günüdür.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, noyabrın 22-də universitetin əməkdaşları şəhidin doğum günü ilə bağlı təşkil olunan mərasimdə iştirak edib, xatirəsinə ehtiramlarını bildiriblər.

Məhəmmədəli İbrahimli 1996-cı ildə Beyləqanda anadan olub. Əslən Füzulinin Cuvarlı kəndindən olan Məhəmmədəli 2003-2014-cü illərdə 215 nömrəli orta məktəbdə təhsil alıb. 2018-2020-ci illərdə AzTU-da magistratura təhsili alıb. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun kəşfiyyatçı əsgəri olan Məhəmmədəli İbrahimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 3-də Suqovuşan uğrunda döyüşlərdə hər iki qolundan və ayağından yaralanıb. Buna baxmayaraq, üç yaralı və bir şəhid yoldaşını təhlükəsiz əraziyə çıxartmağı özünə borc bilib. Döyüşdən sonra yaralarının sağalması üçün 15 gün müddətinə Bərdə Rayon Diaqnostika Xəstəxanasına yerləşdirilib. Lakin üç gün sonra müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıdıb.

Məhəmmədəli İbrahimli oktyabrın 13-də Ağdərə istiqamətində düşmən postuna kəşfiyyat bölüyünün hücumunda iştirak edib. Döyüş yoldaşlarının həlak olduğunu görən Məhəmmədəli təkbaşına düşmən səngərinə hücum edib. O, qumbara ilə 20-dən çox düşmən əsgərini məhv edib, özü isə şəhidlik zirvəsinə ucalıb. Ailəsinin iki aydan çoxdur xəbər gözlədiyi şəhidin nəşini ərazidən 63 gün sonra götürmək mümkün olub. Məhəmmədəli İbrahimli dekabrın 15-də Sabunçu rayonundakı Şəhidlər xiyabanında dəfn edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.