REGİONLAR
Vətən müharibəsi şəhidi Nurlan Abdullayevin adı sinif otağına verilib
Beyləqan, 30 mart, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi şəhidi Nurlan Abdullayevin xatirəsinin əbədiləşdirilməsi üçün sinif otağına şəhidin adı verilib.
Şəhid Nizami Ağayev adına Beyləqan rayonu 6 saylı orta məktəbdə keçirilən toplantıda qazi və veteranlar, şəhid ailələri, məktəb kollektivi iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, sonra şəhidlərin xatirəsi sükutla anılıb. Tədbir zamanı şagirdlərin ifasında kompozisiya nümayiş olunub. Çıxış edənlər şəhidlərimizin keçdikləri qəhrəmanlıq yollarından danışıblar. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalanlar sırasında Nurlan Abdullayev də yer alır. Onun həyatından, Vətənə olan sevgisindən və döyüşlərdə göstərdiyi şücaətdən danışanlar qeyd ediblər ki, Abdullayev Nurlan İnqilab oğlu 1992-ci il yanvarın 26-da Beyləqan rayonunda dünyaya göz açıb. Gələcəkdə hərbçi olmaq arzusu ilə yaşayan Nurlan həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb və ön cəbhədə xidmət edib. 2014-cü ildən Nurlan ordu sıralarında müddətdən artıq qulluqçu kimi Vətənin keşiyində dayanıb. Aprel döyüşləri zamanı göstərdiyi şücaətlə seçilib. Vətən müharibəsi başlayan ilk gündən Nurlan Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə və cəbhənin yarılmasında iştirak edib. Sentyabrın 30-da gərgin döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.
Abdullayev Nurlan İnqilab oğlu döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.