CƏMİYYƏT
Vətən müharibəsi şəhidi Rəşad Zeynallının xatirəsi anılıb
Bakı, 8 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 8-də İkinci fəxri xiyabanda xalqımızın, ordumuzun haqq işini icra etdiyi zaman, o amal uğrunda qəhrəmancasına şəhid olmuş Rəşad Zeynallının anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Nəsimi Rayonun İcra Hakimiyyətinin rəhbərliyi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Şahin Həsənli, incəsənət nümayəndələri, şəhidin döyüş yoldaşları, ölkə ictimaiyyəti, media nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.
Tədbirdə Şahin Həsənli şəhid Rəşad Zeynallının Vətən müharibəsində gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərdiyini vurğulayıb: “Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən, şəxsi mərdlik və igidlik göstərdiyinə görə Rəşad Zeynallı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra bir neçə medal ilə təltif edilib. Biz Vətən müharibəsindəki şanlı Qələbəmizə görə şəhidlərə borcluyuq. Şəhidlərimizin şücaəti xalqımız tərəfindən çox yüksək qiymətləndirilir və onların xatirələri hər zaman qəlbimizdə yaşayacaq”.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Asgərov qeyd edib ki, Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm Qələbə bütün dünyada əks-səda yaratdı. Bu Qələbənin əsasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi qüdrətli dövlət, güclü ordu quruculuğu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Gənclərimiz mənfur düşməni torpaqlarımızdan qovmaq üçün son damla qanına qədər vuruşaraq, böyük rəşadət nümayiş etdirdilər. Şəhid Rəşad da həmin əsgərlərimizdən biri idi. Xalqımız var olduqca, şəhidlərin əziz xatirəsi də yaşayacaq.
Rəşad Zeynallının atası Qiyas Zeynallı 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbənin xalqımıza sonsuz sevinc və qürur hissi yaşatdığını bildirib. Şəhid atası bu tarixi qələbədə oğlu Rəşadın da payının olması ilə qürur duyduğunu qeyd edib.
Sonra şəhidin məzarı ziyarət olunub və ehsan süfrəsi açılıb.
Qeyd edək ki, 1998-ci il aprelin 21-də Bakıda anadan olan Rəşad Zeynallı orta təhsilini 60 nömrəli tam orta məktəbdə alıb. O, 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetin cihazqayırma mühəndisliyi fakültəsində təhsil alıb.
Rəşad 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Rəşad Zeynallı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb.
Rəşad Zeynallı oktyabrın 8-də şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.