MƏDƏNİYYƏT


Vətən müharibəsi şəhidi Xansu Qurbanovun xatirəsi yad olunub

Bakı, 23 sentyabr, AZƏRTAC

“Mirvarid Dilbazi poeziya məclisi” ictimai birliyinin təşkilatçılığı ilə sentyabrın 23-də Naxçıvandan olan Vətən müharibəsi şəhidi Xansu Qurbanovun doğum günü münasibətilə "Azərkitab" kitab mərkəzində anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, “Mirvarid Dilbazi poeziya məclisi”nin sədri, şair-publisist Güllü Eldar Tomarlı çıxış edərək şəhidin keçdiyi 43 günlük döyüş yolu haqqında məlumat verib. Vurğulayıb ki, onun döyüş yolu Cəbrayıldan başlayaraq Şuşa şəhərində sona çatıb. Şuşa ətrafında gedən döyüşlərdə qolundan yaralansa da, yarası sarındıqdan sonra israrla döyüşü davam etdirən Xansu Qurbanov Şuşa qalasının qapılarından keçən ilk döyüşçülərdən olub.

Şəhidin ailə üzvləri və yaxınları, qazilər və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə şəhid Xansu Qurbanovun vətənpərvərliyindən, keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb.

Şuşa qalasını fəth edən ilk Naxçıvan xüsusi təyinatlılar dəstəsində döyüşən Xansu Qurbanov 2020 -ci il noyabrın 9-da şəhidlik zirvəsinə ucalıb.

Xansu Qurbanov Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Sonda şəhidin döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.