MƏDƏNİYYƏT
Vətən müharibəsi şəhidi kapitan Elçin İsmayılov haqqında videoslayd hazırlanıb
Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Vətənin bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn şəhid kapitan Elçin İsmayılov haqqında videoslayd hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, videomaterialda şəhid Elçin İsmayılovun hərbi xidmətlərindən və döyüş yolundan bəhs edilib.
Videoslaydda bildirilib ki, Elçin İsmayılov 1989-cu il mayın 30-da Ucar şəhərində anadan olub. 1995-2006-cı illərdə Ucar şəhərində 1 nömrəli tam orta məktəbdə oxuyub. Ali hərbi təhsilini 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Motoatıcı Taqım Komandiri” ixtisası üzrə alıb. 2010-2011-ci illərdə isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təlimlərdə olub. Ailəli idi, 2 oğlu yadigar qalıb.
Elçin İsmayılov 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində Motoatıcı Taborun Taqım Komandiri vəzifəsində xidmət edib. Həmin hərbi hissədə bir müddət xidmət edəndən sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. Xüsusi Təyinatlı Qüvvələrin seçim mərhələsində 300 nəfərdən 20 nəfəri mərhələni uğurla başa vurub. Həmin 20 nəfərdən biri də Elçin İsmayılov olub. Xüsusi Təyinatlı Qüvvələrin heyətində dəfələrlə xarici dövlətlərdə hərbi təlimlərə qatılıb.
2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Qrup Komandirinin müavini vəzifəsində xidmət edən Elçin İsmayılov, 2014-cü ildən həmin hərbi hissədə Xüsusi Əməliyyatlar Taborunun Komandiri vəzifəsində xidmət edib. Elçin İsmayılov 2015-ci ilin fevral ayında Qazax və Ağstafa istiqamətində olan döyüşlərdə, həmçinin 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.
Azərbaycan Ordusunun kapitanı olan Elçin İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad ediləndə, ora Azərbaycan bayrağını sancanlardan biri Elçin İsmayılov olub. Elçin İsmayılov oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub. Ucar şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elçin İsmayılov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.