MƏDƏNİYYƏT
Vətən müharibəsi şəhidinə həsr olunmuş kitabın təqdimatı keçirilib
Bakı, 12 avqust, AZƏRTAC
Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Cabbarov Şahgündüz Habil oğluna həsr olunmuş “Gözləyin dağlar, gəlirəm” adlı kitabın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, avqustun 12-də Mərdəkan Mədəniyyət Sarayının qarşısında təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin təmsilçiləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə qonaqlar Xəzər rayonunun gənc rəssamları tərəfindən çəkilən “Şəhid Şahgündüz Cabbarov gənc rəssamların gözü ilə” adlı rəsm sərgisi və şəhidimizə həsr olunan guşə ilə tanış olublar.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimat mərasimində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında zəfər çaldığımız 44 günlük Vətən müharibəsində şəhid və döyüşçülərimizin şücaətindən danışıb.
Daha sonra Milli Məclisin deputatı Soltan Məmmədov, Mahir Abbaszadə, Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova və digər natiqlər çıxış edərək, Zəfər gününə qədər Qarabağda və arxa cəbhədə gedən proseslərdən, xalqımızın yumruq kimi birləşərək ordunun arxasında durmasından danışıblar. Natiqlər qeyd ediblər ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi onların müqəddəs ruhları qarşısındakı hər bir kəsin borcudur.
Sonra kitabın redaktoru, “Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədli nəşrin ərsəyə gəlməsindən söz açıb.
Şəhid Şahgündüz Cabbarovun atası Habil Cabbarov kitabın hazırlanmasında, işıq üzü görməsində və təqdimat mərasiminin keçirilməsində zəhməti olan hər kəsə ailəsi adından minnətdarlığını bildirib.
Sonda gənc rəssamlar tərəfindən çəkilən rəsm əsərləri şəhidin ailə üzvlərinə təqdim olunub.