REGİONLAR


Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb VİDEO

Ağstafa, 17 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC

Vətən müharibəsinin şəhidləri hər bir azərbaycanlının qəlbində əbədi olaraq yaşayacaq. Hazırda şəhid ailələri dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatələnib. Şəhidlərimizin doğum günləri yaxınları, istərsə də qohum-əqrəbası, dost-tanışları tərəfindən yada salınır, qeyd olunur.

AZƏRTAC xəbər verir ki, belə şəhidlərimizdən biri də Ağstafa rayonunun Qarahəsənli kənd sakini Orxan Babayevdir ki, onun bu gün doğum günüdür. Şəhidimizin bu gün 20 yaşı tamam olur. Bu münasibətlə kənddə onun xatirəsinə bulaq kompleksi də inşa olunub. “Orxan kənddə camaatın hörmətini qazanmışdı. Vətənpərvər gənc idi. Əsgəri xidmətə yola salanda bizə dedi ki, torpaqlarımızı azad edəcəyəm”, - deyə əmisi Məhəmməd Babayev bildirib.

Orxanın adına olan kənddəki bulaq kompleksini təsadüfən bu məkanda tikməyiblər. Yaxınlıqdan axan suvarma kanalı yeni inşa olunanda sementi hələ bərkiməmiş Orxan onun üzərində öz adını yazıb və bu günə kimi “Orxan” yazısı orada durur. İndi doğum günündə özü sağ olmasa da, ailəsinə, vətəninə ən böyük hədiyyəsini bəxş etdi. Qarabağı azad edib, şəhadətə ucaldı. Atası Sarvan Babayev Vətən torpaqlarının işğaldan azad edilməsində yaxından iştirak edən və canından keçən oğlu Orxanla fəxr etdiyini deyir: “Oğlum qanından, canından keçməkdən qorxmadan Vətən müharibəsində iştirak edib. Füzuli, Xocavənd, Cəbrayıl rayonlarının azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edib. Müharibənin bitməsinə saatlar qalmış Vətən uğrunda şəhid olub. Əlbəttə, bu gün bütün şəhidlərimiz qəlbimizdə yaşayır. Onlar heç vaxt unudulmayacaqlar. Onlar ölmür, qəlblərdə yaşayır”.

Orxanın doğum günündə onun qəbirini ziyarətə gələnlər arasında ona dərs deyən müəllimləri də var idi. Təhsil aldığı illərdə o müəllimlərinin yaddaşında vətənpərvər, təlim-tərbiyəli şagird kimi qalıb. Oxuduğu məktəbin önündə kəndin digər şəhidlərinin fotoları ilə bərabər Orxanın da şəkili vurulub. “Onun çoxdankı arzusu idi, işğal altında olan torpaqlarımız uğrunda gedən müharibədə iştirak etsin. Bu müharibə də ona qismət oldu. O, hərbi xidmətə çağırıldı və 27 sentyabrdan müharibəyə qatıldı. 43 gün o, müharibədə iştirak etdi, 44-cü gün vətən uğrunda gedən müharibədə şəhid oldu”, - deyə idman müəllimi Ziyafət Əkbərov vurğulayıb.

Orxan Babayev bir əsgər kimi müharibənin ilk günündən sonuna qədər döyüşlərdə iştirak edib. Füzulidən Xocavəndə qədər döyüş yolu keçib. Şuşa azad edildikdən bir gün sonra noyabrın 9-da Xocavənd istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Bir neçə yaralı əsgər yoldaşını döyüş meydanından çıxarıb. Orxan Babayev noyabrın 11-də Qarahəsənli kənd qəbiristanlığında dəfn edilib. Ölümündən sonra o, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.