CƏMİYYƏT
Vətən müharibəsi şəhidləri Ramal Məmmədov və Pərviz Məmmədovun anım günü qeyd olunub
Bakı, 1 oktyabr, AZƏRTAC
Qaradağ rayonunun Lökbatan qəsəbəsində Vətən müharibəsi şəhidləri Ramal Məmmədov və Pərviz Məmmədovun anım günü qeyd olunub.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, anım mərasimində rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidlərin ailə üzvləri, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasıyeva, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev və rayon icra hakimiyyətinin məsul nümayəndələri iştirak ediblər.
Şəhid Ramal Məhəmməd oğlu Məmmədov 2000-cı il yanvarın 1-də Gəncə şəhərində anadan olub. Xocavənd və Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib, böyük şücaət göstərib. Ramal Məmmədov 2020-ci il oktyabrın 1-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid kapitan Məmmədov Pərviz Ələddin oğlu 1989-cu il avqustun 9-da Tovuz rayonu Çeşməli kəndində anadan olub. Pərviz Məmmədov 2020-ci il sentyabrın 30-da Füzuli uğrunda döyüşlər zamanı şəhid olub.
Hər iki şəhid Qaradağ rayonu Lökbatan qəsəbəsində Şəhidlər xiyabanında dəfn edilib.