SİYASƏT


Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Londonda anılıb

London, 28 sentyabr, AZƏRTAC

44 günlük Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyində 27 Sentyabr– Anım Gününə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edildiyi tədbiri giriş sözü ilə açan səfir Elin Süleymanov bu günün Azərbaycan tarixində çox önəmli hadisə olduğunu söyləyib. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün qardaş və bacılarımızın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və uca tutulacaq.

Səfir vurğulayıb ki, Azərbaycana qarşı hücum və təxribatları daha da artıran Ermənistan 2020-ci il sentyabrın 27-də Azərbaycanın mülki əhalisini, eləcə də hərbi mövqelərini atəşə tutub. Azərbaycan Ordusu özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatlarına başlayıb. Belə ki, 44 günlük Vətən müharibəsi nəticədə torpaqlarımız düşmən tapdağından azad olunub.

Azərbaycanda xalqla dövlət arasında mövcud olan möhkəm birliyin ölkəmizin İkinci Qarabağ savaşındakı parlaq Qələbəsində oynadığı mühüm roldan da bəhs edən səfir Elin Süleymanov deyib: “Bu birliyi qoruyub saxlamaq, gücləndirmək və dövlətimizin adını hər zaman yüksəkdə tutmaq bütün azərbaycanlıların ən ümdə borcudur”.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiyadakı səfirliyinin əməkdaşı Lalə Talıbova 30 il sonra şəhidlərimizin qanı bahasına qaytarılan torpaqlarımızın hər qarışının dəyərli olduğunu və bu günün bizim üçün Zəfər tarixinin başlanğıcı olmasını qeyd edib.

Anım tədbirində Britaniyadakı azərbaycanlı icmasının nümayəndəsi, Hafiz Baxşəliyev çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının bizim üçün əziz olduğunu söyləyib.

Azərbaycan icmasının fəalı Savaş Mərəndli şəhidlərimizin əziz xatirəsini yad edərək onların qəhrəmanlıqlarından bəhs edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun uğurlarının dünyadakı bütün azərbaycanlılara nümunə olduğunu bildirib.

Daha sonra britaniyalı jurnalist Neil Vatson bildirib ki, 27 sentyabr Azərbaycan tarixində çox əhəmiyyətli bir gündür. Çünki bu gün Azərbaycan beynəlxalq hüquqa riayət edərək öz torpaqlarını işğaldan azad edib.

Qeyd edək ki, tədbirdə Azərbaycanın Britaniyadakı səfirliyinin əməkdaşları, Britaniyada yaşayan azərbaycanlı icmasının nümayəndələri və Azərbaycanın dostları iştirak ediblər.

 
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.