SİYASƏT


Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Londonda ehtiramla yad edilib

London, 27 sentyabr, AZƏRTAC

Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edildiyi tədbiri giriş sözü ilə açan səfir Elin Süleymanov bu günün Azərbaycan tarixindəki önəmindən bəhs edərək bildirib ki, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün qardaş və bacılarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq və uca tutulacaq.

Səfir vurğulayıb ki, üç onillik ərzində danışıqlardan boyun qaçıran və 2020-ci ilin iyul ayından etibarən Azərbaycana qarşı hücum və təxribatları daha da artıran Ermənistan ötən ilin 27 sentyabr tarixində Azərbaycan Respublikasının mülki əhalisini, eləcə də hərbi mövqelərini atəşə tutduqda Azərbaycan özünü müdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatlarına başladı və 44 günlük Vətən müharibəsi ərzində torpaqlarını düşmən tapdağından azad etdi.

E.Süleymanov qeyd edib ki, Ermənistanın açıq-aşkar təhrikedici təxribatlarına baxmayaraq, 44 gün müddətində Azərbaycan hərbi əməliyyatları beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə davam etdirərək və özünün beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənara çıxmayıb.

Azərbaycanda xalqla dövlət arasında mövcud olan möhkəm birliyin ölkəmizin İkinci Qarabağ savaşındakı parlaq Qələbəsində oynadığı mühüm roldan da bəhs edən səfir Elin Süleymanov bu birliyi qoruyub saxlamaq, gücləndirmək və Azərbaycanın adını hər zaman yüksəkdə tutmağın bütün azərbaycanlıların ən ümdə borcu olduğunu deyib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiyadakı səfirliyinin hərbi attaşesi Vüqar Əhmədov 44 günlük Vətən müharibəsi ərzində Azərbaycan əsgərinin göstərdiyi əlahiddə şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edib. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan və müzəffər Azərbaycan Ordusunun rəşadəti hər bir azərbaycanlı üçün qürur mənbəyidir. V.Əhmədov şəhidlərin Vətən qarşısında öz borclarını layiqincə yerinə yetirdiklərini söyləyib və onların bizə əmanət etdiyi müzəffər Azərbaycanın inkişafı və bundan sonra daha da gücləndirilməsinə töhfə verməyin hər bir azərbaycanlı üçün vacib olduğunu qeyd edib.

Anım tədbirində Britaniyadakı azərbaycanlı icmasının nümayəndəsi, “Azərbaycan Evi” təşkilatının sədri Əli Təkin Atalar da çıxış edərək şəhidlərin xatirəsinin harada olmasından asılı olmayaraq hər bir azərbaycanlının ürəyində əbədi olaraq yaşayacağını bildirib. O, Vətən müharibəsi ərzində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlıların bir amal uğrunda birləşərək Azərbaycan Ordusuna mümkün olduğu qədər mənəvi dəstək verdiyini xatırladıb. Əli Atalar, həmçinin qardaş Türkiyə, Pakistan, İsrail kimi ölkələrin 44 günlük müharibə dövründə ölkəmizin yanında olmasının əhəmiyyətini vurğulayıb.

Daha sonra tədbir iştirakçıları 27 sentyabr – Anım Gününə həsr olunmuş guşənin önünə çiçəklər qoyub, 44 günlük Vətən müharibəsinə həsr olunmuş videomateriallara baxıblar.

Tədbirdə Azərbaycanın Britaniyadakı səfirliyinin əməkdaşları, Britaniyada yaşayan azərbaycanlı icmasının nümayəndələri və Azərbaycanın dostları iştirak ediblər.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.