REGİONLAR
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Qarabağ bölgəsində yad edilib VİDEO
Füzuli, 4 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistanın bu ilin sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb. Vətən müharibəsində həmvətənlərimiz şəhid olub, itkin düşüb, yaralanaraq sağlamlığını itirib. Otuz ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli şəhəri və rayonun işğal altında olan kəndləri də azad edilib. Füzulililər torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini əziz tutur, ehtiramla anırlar.
Prezident İlham Əliyevin Sərəncamına əsasən bu gün saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Füzuli rayonunda da Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Horadiz şəhər məscidində cümə namazı qılıb, şəhidlərin ruhuna dualar edilib.
Rayonun imamı Nəriman Nəsirov bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərərək qanları və canları bahasına torpaqlarımızı işğaldan azad ediblər. 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhidlik zirvəsinə yüksəlib. Xalqımız mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Dekabrın 4-də Tərtər, Bərdə və Beyləqan rayonlarında da Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib. Məscidlərdə cümə namazı qılıb, şəhidlərin ruhuna dualar oxunub.