SİYASƏT


Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Rabatda anılıb

Rabat, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyində Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, səfirlik və Azərbaycan-Mərakeş dostluq qrupu tərəfindən birgə təşkil olunan tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub.

Tədbirdə çıxış edən səfir Oktay Qurbanov iki il əvvəl Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını almaq məqsədilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Ordumuz tərəfindən cavab tədbirlərinin həyata keçirildiyini və beləliklə, 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində Ermənistanın 30 ilə yaxın davam edən təcavüzkar siyasətinə son qoyulduğunu, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırıb.

İkinci Qarabağ müharibəsinin şanlı tariximiz olduğunu vurğulayan diplomat əldə etdiyimiz Zəfərlə milli ləyaqətimizi və tarixi ədaləti bərpa etdiyimizi və xalqımızın artıq müzəffər xalq kimi yaşadığını ifadə edib. O diqqətə çatdırıb ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi, igid övladlarımızın qəhrəmanlığı və xalqımızın birliyi sayəsində şanlı Zəfər qazanıb.

O, uzun müddət işğal altında qalmış torpaqlarımızda Ermənistanın həyata keçirdiyi qeyri-qanuni, cinayətkar fəaliyyəti, həmin torpaqlarda çoxlu sayda mina basdırması, Azərbaycanın tarixi, mədəni, dini irsini məqsədli şəkildə məhv etməsi, mənimsəməsi, təbii ehtiyatların talan və infrastrukturu darmadağın etməsi, çoxsaylı müharibə cinayətləri barədə dəlillər barədə danışıb.

Səfir Vətən müharibəsi günlərində bütün ölkələr, o cümlədən dost Mərakeş tərəfindən Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib, bunun daim hökumətimizin və xalqımızın yaddaşında qalacağını qeyd edib.

Sonra çıxış edən Azərbaycan-Mərakeş dostluq qrupunun katibi M.Fəqiri iki ölkə xalqları arasında dostluq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində var qüvvələrini əsirgəməyəcəklərini bildirib, Azərbaycan səfirliyi ilə əməkdaşlıq etməyə və hər bir işdə yardım göstərməyə hazır olduqlarını vurğulayıb.

Sonda iştirakçılar Anım Günü ilə əlaqədar səfirlikdə hazırlanmış guşə ilə tanış olublar.

Anım Günü ilə əlaqədar yazılar Mərakeş Krallığının geniş oxucu kütləsinə malik həftəlik “əl-İslah”, “Alaan.ma”, “Al-Bayane” kimi aparıcı qəzet və bir sıra internet mediasında dərc olunub.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.