SİYASƏT


Vətən müharibəsi şəhidlərinin xatirəsi Çində anılıb VİDEO

Pekin, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, səfirliyin əməkdaşlarının, bu ölkədə yaşayan və işləyən soydaşlarımızın, Azərbaycanın müxtəlif qurumlarının Çindəki nümayəndələrinin iştirak etdikləri tədbirdə Vətən müharibəsində qəhrəmancasına döyüşərək canlarından keçmiş əsgər və zabitlərimizin, Ermənistan silahlı qüvvələrinin şəhərlərimizi və kəndlərimizi atəşə tutması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 44 günlük Vətən müharibəsində Qələbənin rəmzinə çevrilmiş “Xarıbülbül” barelyefinin önünə gül dəstələri qoyulub, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səslənib. Sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünün önünə əklil qoyulub və dahi şəxsiyyətin xatirəsi böyük ehtiramla yad edilib.

Səfirliyin “Qarabağ” zalında davam edən tədbirdə səfir Əkrəm Zeynallı bildirib ki, işğalçı Ermənistan ordusunun növbəti təxribatına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi əks-hücum əməliyyatı nəticəsində 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad edilməsi ilə Azərbaycan tarixinə şanlı səhifə yazılıb. Bildirib ki, torpaqlarımızın azad edilməsi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının ən böyük arzusu idi. Bu arzunu qəhrəman hərbçilərimiz “Dəmir yumruq” əməliyyatı ilə 44 gün kimi qısa bir müddətə həyata keçirdi. Bununla da Azərbaycan ərazi bütövlüyü təmin edildi, bir milyona yaxın azərbaycanlının fundamental hüquqları bərpa edildi. Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirdi.

Diplomat bildirib ki, o çətin günlərdə xalqımız dövlətimizin başçısının ətrafında sıx birləşərək, əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, Silahlı Qüvvələrimizə hər cür dəstək olublar. Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirən diplomat, müzəffər Ordumuzun qanı və canı ilə yazdığı bu şərəfli tarixi çiçəklənən Azərbaycanın parlaq gələcəyinin, habelə regionda dayanıqlı və uzunmüddətli sülhün və təhlükəsizliyin təminatçısı kimi səciyyələndirib.

Səfir Ə.Zeynallı Azərbaycan tərəfinin sülh gündəliyini elan etdiyini və Ermənistanla sülh müqaviləsi imzalamağa, sərhədlərin delimitasiyası və demarkasiyasına hazır olduğunu vurğulayıb.

Sonda ehsan süfrəsi açılıb.

Şahin Cəfərov

AZƏRTC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.