SİYASƏT


Vətən müharibəsi şəhidlərinin xatirəsi İranda anılıb VİDEO

Tehran, 27 sentyabr, AZƏRTAC

Azərbaycanın İrandakı səfirliyində 27 Sentyabr - Anım Günü ilə bağlı təşkil olunan mərasimdə İran ictimaiyyətinin nümayəndələri, diplomatlar, ziyalılar və Tehranda yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları erməni qəsbkarlarının vaxtilə işğal etdikləri Azərbaycan ərazilərində törətdikləri hərbi cinayətləri, eləcə də 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin qəhrəmanlığını əks etdirən “Zəfər salnaməsinin unudulmaz qəhrəmanları” adlı fotosərgiyə baxıblar. Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına müqəddəs Qurandan ayələr oxunub.

İrandakı səfirimiz Əli Əlizadə Azərbaycan Ordusunun Ermənistanın hərbi təcavüzünün və təxribatının qarşısını almaq, həmçinin mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirlərinə başladığı 27 Sentyabr tarixinin dövlətimizin başçısının Sərəncamı ilə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd olunduğunu bildirib.

O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi Qələbənin Azərbaycan Respublikasının tarixində yeni dövr açdığını, ədaləti bərqərar edərək Ermənistanın 30 ilə yaxın davam edən təcavüzünə və ərazilərimizin işğalına son qoyduğunu, hazırda bölgədə dayanıqlı sülhün təmin olunması istiqamətində Azərbaycanın öz səylərini davam etdirdiyini bildirib.

Diplomat Azərbaycanın, beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hazır olduğunu söyləyib. Lakin Ermənistanın normallaşma prosesini müxtəlif bəhanələrlə ləngitdiyini, beynəlxalq səylərlə aparılan danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini, müharibə cinayətlərini davam etdirərək Azərbaycan ərazilərində minaların yerləşdirilməsi cəhdləri kimi müxtəlif təxribatlara əl atdığını və bununla da sülh prosesində maraqlı olmadığını nümayiş etdirdiyini vurğulayıb. O, Azərbaycan dövlətinin bölgədə dayanıqlı sülh və sabitliyin bərqərar olmasına çalışdığı, işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri apardığı bir zamanda Ermənistanın 12-14 sentyabr tarixlərindəki son təxribatı və Azərbaycana qarşı hücumu ilə sülh prosesinə qeyri-konstruktiv yanaşmasını bir daha sübuta yetirdiyini diqqətə çatdırıb.

Səfir İranın Azərbaycanla sərhəd ərazilərində yerləşən vilayətlərinin əhalisinin Vətən müharibəsi dövründə sərhəd kənarına toplaşaraq Azərbaycana göstərdiyi mənəvi dəstəyin, eləcə də 30 ilə yaxın davam etmiş münaqişə dövründə dost və qonşu ölkə olan İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyin də məmnunluqla xatırlandığını bildirib.

Əli Əlizadə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin, Zəfər Salnaməsinin unudulmaz qəhrəmanlarının xatirəsinin ehtiramla yad edildiyini, onların Azərbaycan xalqı üçün ölmədiyini və qəhrəman kimi əbədi olaraq tarixə qovuşduqlarını vurğulayıb.

Mərasimdə çıxış edən Türkiyənin İrandakı səfiri Dərya Örs 30 il ərzində Ermənistanın təcavüz və işğal siyasətinə məruz qalmış Azərbaycanın bu illər ərzində günahsız insanlarının qətlə yetirildiyini, şəhər və kəndlərinin dağıdıldığını, mədəni, tarixi və dini abidələrinin vandalizmə məruz qaldığını bildirib. Diplomat Azərbaycanın Vətən müharibəsində həlak olan şəhidlərinin xatirəsinin Türkiyə üçün də əziz olduğunu bildirərək onların unudulmayacağını deyib.

Sonda iranlı musiqiçilər Fərid İsmayılzadə və Ehsan Şaminin ifasında şəhidlərimizin əziz xatirəsinə Azərbaycan musiqiləri təqdim olunub. Səfirliyin əməkdaşlarının övladları şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.